Texnologiya inkişak etdikcə yaranan yeniliklər ən çox gənclərə öz müsbət təsirini göstərir. Gənclər isə bunu yiyələndikləri ixtisasda əsk etdirirlər. Belə ixtisalardan biri də dizayner ixtisasıdır ki, günümüzdə gənclər bu sahəyə xüsusi maraqla yanaşırlar. Dizayn nümayəndələri daim yeni fikirlər yaradan, yeni ideyalar irəli sürən və yaradıcı başlanğıcları ilə fərqlənən çox sayda ixtisasın ümumi adıdır. “Dizayn” sözü ingiliscə layihələndirmək və həmin layihəni kağız üzərində təsvir etmək mənasını verir. Bu peşə insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışır. Keçmişdə layihələrin kağızlar üzərində hazırlanmasına baxmayaraq, artıq kompüterlər vasitəsilə həyata keçirilir.
Sonaxanım Neymətova- veb- dizayner: “Mənim daha öncədən poster hazırlamağa, yəni, belə işlərə marağım çox olub. Sonra da öyrəndim ki, belə bir ixtisas var və imtahan verərək, sevdiyim sahəni seçdim. Seçimimdən də peşman deyiləm”.
İxtisasları öyrəndikcə onların həm asan, həm də çətin tərəflərini hər birimiz öyrənmiş oluruq. Araşdırmalara görə, bu işin də özünəməxsus öhdəlikləri var. Məsələn, alınan sifarişlərə funksionallığına görə dizayn vermək, ofis şəraitində verilən dizayn işlərini etmək və əgər memarlıq dizayn bölümündə işləyərsə, o zaman ölçüləndirmə işlərini bilməlidir.
Sonaxanım Neymətova- veb- dizayner: “ Məni, əsasən, yoran kompüterlə çox işləməkdir. Həqiqətən insanın gözünü çox yorur. Ancaq işin heç bir çətinliyi yoxdur. Əsas ideya və yaradıcılıq olmalıdır ki, bu işi bir o qədər də keyfiyyətli görək. Çalışdığım qədər öz üzərimdə işləyirəm və yorulmamağa çalışıram. Amma insan istər- istəməz yorulur. Ən çox posterlər, İnstaqram üçün postlar düzəldirik. Müxtəlif vizit kartlar, broşürlər və s. buna bənzər bütün işləri biz düzəldirik. Müxtəlif proqramlardan istifadə edərək, orda əvvəlcə şəkili qururuq, üzərində işləyirik. Çalışdığımız qədər səhv etməməyə çalışmalıyıq, çünki sonradan onu düzəltmək həm vaxtımızı aparır, həm də çətin olur. Ona görə də dəqiq olmalıyıq və elə etməliyik ki, gördüyümüz işlər, qarşımızdakı insanı cəlb etsin”.
İnsan həyatı boyu gözəlliyə, ətrafındakı ahəngə, rahatlığa önəm vermiş və verəcəkdir. Dövr irəlilədikcə dizayn sahəsinə olan maraq genişlənəcək və əhəmiyyətini saxlayacaqdır. Bu baxımdan bu peşə perspektivli gələcəyə malik ixtisaslardan biri hesab edilə bilər.
Sonaxanım Neymətova- veb- dizayner: “Gənclər istəsələr əgər bu ixtisası seçə bilərlər. Çünki həqiqətən prestijli və gəlcəyi olan bir sahədir. Həmçinin, yaxşı çalışsalar, karyera yönündə də uğur əldə edə bilərlər”.
Lalə Bağırova
- Baxış: 383