• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 01.04.2024 20:35

Taksilərlə bağlı yeni tələblər

KepezTV Player

Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən artıq taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtomobillərində bəzi xüsusiyyətlər öz əksini tapmalıdır. Buna avtomobilin buraxılış ili, rəngi, “taksi nişanları” kimi xarici və daxili xüsusiyyətləri aiddir. Yenilik taksi sürücüləri üçün ürəkaçan deyil.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” dəyişib. Buraxılış tarixi 15 ildən artıq olan avtomobillə taksi kimi sərnişin daşımaq mümkün olmayacaq. Üstəlik, taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır. Taksidən mütəmadi istifadə edənlərin yeni tələblərə reaksiyası fərqli oldu.

Şəhər sakini: “Məncə, qanun qüvvəyə minsə yaxşı olar, çünki xarici ölkələrdə taksilər hamısı sarı rəngdədir. Başqa rənglərdə taksi yoxdur. Həm də deyirlər, bütün taksilərin üstündə taksi işarəsi olmalıdır. Bəzi maşınlar var ki, bizdə taksi işarəsi yoxdur. Bu qanun qüvvəyə minsə, yaxşı olar. Qiymətlərdə ola bilsin ki, bir az artım olar”.

Şəhər sakini: “Əgər qiymətlər qalxacaqsa, mən buna narazıyam. Amma hal-hazırki taksilərin sərnişinlərə xidmət etmələrinə mən çox razıyam və qiymətlərindən də razıyam. Dəyişiklik edilməsə daha yaxşı olar”.

Şəhər sakini: “Taksidən çox istifadə edirəm. Mənə taksidən istifadə etmək, ictimai nəqliyyatdan daha çox sərf edir. Qiymətlər də ucuzdur. Sadəcə olaraq yeni gətirilən qaydalardan mənə ən uyğun olanı “Avro-5” standartları oldu. Çünki ekologiyaya daha az ziyan verən maşınlardan istifadə edəcəklər. Xüsusən də fərqlənmə nişanlarının olmağı da böyük üstünlükdür”.

Hazırda ölkədə taksi xidməti göstərən minik avtomobillərinin əksəriyyətinin istehsal tarixi 15 ildən çoxdur. Bu isə onu deməyə əsas verir ki, belə nəqliyyat vasitələrinin taksi kimi fəaliyyəti mümkün olmayacaq. Hansı ki, sürücülər bununla razılaşmırlar.

Taksi sürücüsü: “Qiymətlər çox aşağıdır. İndi təzə qanun çıxarıblar. Məsələn, mənim maşınımın ili 2009-dur. Mən fikirləşə-fikirləşə qalmışam, necə olacaq? Bu dəqiqə baxsanız, hamısı Sovet maşınlarıdır. Yəni Gəncə şəhərində dedikləri standartlara uyğun bir dənə maşın yoxdur. Gürcüstanda mən bildiyimə görə ağ rəngdir, Türkiyədə sarı rəngdir. Əslində vahid bir rəng olsa, daha yaxşı olar”.

Taksi sürücüsü: “Bu dəqiqə kirəyəyə maşın götürüb, sürürlər. Elə adam var ki, öz Sovet maşını var, zəif maşını var, rəngi də var. Sərnişinə məncə heç bir aidiyyəti yoxdur ki, qırmızı oldu, ağ oldu, sarı oldu. Maşın olsun, ünvana çatdıra bilsin. Məncə bunun heç bir əsası yoxdur ki, rəngi nə olsun”.

Taksi sürücüsü: “Deyirlər ki, 15 ildən çox olmasın. Mənim maşınım 18 ildir. Mənə elə gəlir ki, Gəncə şəhərində 20 il eləsələr yaxşıdır. Yəni bölgələrə 20 il”.

Nəqliyyat ekspertləri yeniliyi taksi fəaliyyəti sahəsində islahat kimi xarakterizə edirlər. Yəni bu sahədə uzun sürən problemlərdən çıxış yolu kimi dəyərləndirirlər. Bu yolla istismar üçün uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması aparılır.

Eldəniz Cəfərov- nəqliyyat eksperti: “Taksi fəaliyyəti ilə bağlı qərarın verilməsindən sonra taksilərin sayı kəskin şəkildə azalmayacaq. Yeni bu məhdudiyyət mərhələ ilə həyata keçiriləcək və bu ilin sonuna qədər yəqin ki, təxminən 10-15% civarında azalma olacaq. Taksidə istismar olunan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məsələsində - bu avtomobillər yalnız taksi xidmətindəki dövriyyədən çıxarılır, ümumi dövriyyədən çıxarılmır. Bu səbəbdən də onların qiymətinin kəskin enməsi xəbərləri sadəcə bir ajiotajdır. O nəqliyyat vasitələrinin qiyməti kəskin enməyib və düşünmürəm ki, kəskin ensin. Təxminən 5-10% civarında enmə ola bilər, amma həmin nəqliyyat vasitələrində kəskin qiymət artımı olmayacaq”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində əmindirlər ki, taksi istifadəçiləri yeni qaydalar və tələblərdən razı qalacaqlar. Çünki taksi xidmətinin keyfiyyəti yüksələcək.

Tural Orucov- AYNA-nın mətbuat katibi:  “Hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər var idi. Yeni tələb isə taksi minik avtomibillərinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır. Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq  keçməlidirlər. Təlimləri müvəfəqqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər. AYNA hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir”.

Yeniliklər iyulun 1-dən qüvvəyə minir. 

Pərvin Abbaszadə