Nicat Qəhramanov- cüdo üzrə ölkə çempionu: “Yarış vaxtı fəndi düz yerinə yetirmədiyim üçün və isinmə hərəkətlərini yaxşı eləmədiyimə görə, qolumdan zədə almışdım. Bunun nəticəsində sağalma müddəti iki ay çəkdi”.
7 ildir cüdo idman növü ilə məşğul olan Nicat Qəhramanov kiçik səhvlər ucbatından, 2 ay sevdiyi idman növündən uzaq düşdüyünü qeyd edir. Bu müddətin uzun çəkməməsi üçün daha tez və effektiv bərpa prosesi keçmək, erkən diaqnostika və idman zədələrinin müalicəsinin vacibliyini bildirir. Təəssüf ki, idmançının öz zədəsinə olan qeyri-ciddi münasibəti, xüsusilə də zədə alınmasına səhlənkar yanaşma, onun üzun müddət sıradan çıxmasına gətirib çıxara bilər. Təkrar zədələnmələr isə ümumiyyətlə idmandan kənar qalma ilə nəticələnmiş olar. Hər bir idman növünün özünəxas travmaları olduğundan, yanaşma da məxsusi olmalıdır.
Tural Əfəndiyev- travmatoloq-ortoped: “Mənim həm məşqçilərə, həm idmançıların valideynlərinə və idmançıların özlərinə tövsiyəm odur ki, belə hallarda ilkin olaraq zədələnmiş ətraf hərəkətsiz vəziyyətə gətirilməlidir və zədələnmiş nahiyəyə, yəni ağrı nahiyəsinə soyuq tətbiq olunmalıdır. Bundan sonra, mütləq və mütləq, xüsusi ixtisaslı xəstəxanalara müraciət olunmalıdır. Rentgen müayinəsi, gərəkdirsə MRT KT müayinəsi keçirilməlidir. Çünki diaqnozun vaxtında qoyulması, xəstəliyin vaxtında müalicə olunmasına və sonrakı fəsadların qarşısının alınmasına səbəb olur”.
Zədələnmələr idman tədbirlərində olduğu kimi, məşqlər zamanı da yaşana bilər. Məşq prosesinin düzgün qurulması isə bu baxımdan bir çox problemlərin aradan qaldırılmasına imkan verə bilər. Təcrübəli güləş məşqçisi Könül Cəfərov məşqin düzgün təşkili ilə bağlı tövsiyələrini verir.
Könül Cəfərov- Əməkdar məşqçi: “Hazırlayıcı hissəni güclü yerinə yetirməliyik. 20-25 dəqiqədən az olmayaraq hazırlayıcı hissə getməməlidir. İdmançı tam bədənini qızışdırandan sonra əsas hissəyə keçməlidir. Əsas məsələ, idmançıların zədə almaması üçün məşqləri düzgün qurmalıyıq. İlk növbədə mənim məşqçi müəllimlərə tövsiyəm odur ki, məşq zamanı yaşından asılı olmayaraq, istər gənc idmançlar, istər yaşlı idmançılar olsun, onları nəzarətsiz qoymaq olmaz. Nəzarətsiz olanda idmançılarda bəzi lazım olmayan hərəkətlər sayəsində zədələr baş verir. İdmançılara da tövsiyəm odur ki, müəllimlərin verdiyi tapşırıqları, yükü, həddindən artıq edib özlərinə ziyan etməsinlər. Bu da zədəyə gətirib çıxarda bilər”.
Zədələrdən təmamilə qaçmaq mümkün olmasa da, onun təsirlərini minimuma endirmək mümkündür. Zədə baş verdikdə isə, müalicə və bərpa prosesinə ciddi yanaşılmalıdır. Gələcəkdə daha yaxşı nətəcələr əldə etmək üçün.
Ramin Paşayev
- Baxış: 255