Məqsədli şəkildə həyata keçirilən terror olayında dünyasını dəyişən İsmət Qayıbov Azərbaycanda vacib postlardan birini tuturdu. 3-cü dərəcəli dövlət ədliyyə müşaviri kimi baş prokuror idi. Ermənilərin torpaq iddialarına və Sumqayıtda törətdikləri cinayətlərə görə Sovet rəhbərliyinə kəskin etirazını bildirənlərdən olub. Eyni zamanda 100-ə yaxın separatçı barəsində həbs-qətimkan tədbiri seçib. Bunun üçün əsas hədəflərdən birinə çevrilən İsmət Qayıbov 49 yaşında xaincəsinə Qarakənd səmasında törədilən terror qurbanlarından biri olur. Mərhum baş prokurorun oğlu İsmayıl Qayıbov atası ilə bağlı danışarkən onun vəfat xəbərini televiziyadan öyrəndiklərini deyib.
İsmayıl Qayıbov- İsmət Qayıbovun oğlu: “Saat 8-də Xəbərlər proqramı olmalıydı. O da olmadı, ən azı yarım saat gecikdi. Rəhmətlik Rafiq Hüseynov danışdı. Başladı bir-bir adları sadalamağa. Mənim atamın da adını çəkdi. Rəsmi oradan bildik”.
İsmət Qayıbov haqda xatirələrini bölüşən İsmayıl Qayıbov, atasının hadisədən öncə hətta evdən sağollaşmadan çıxdığını bildirib.
İsmayıl Qayıbov- İsmət Qayıbovun oğlu: “Elə anlar olub ki, təcili harasa getməli olurdu. Moskvaya və ya başqa yerə, işlə əlaqədar. Bir-iki dəfə belə olub. Hər dəfə gəlib, bir dəqiqədə də heç olmasa sağollaşardı, nə qədər təcili də olsa. Sağollaşardı, evdəkiləri qucaqlayıb, öpüb gedərdi. Amma bu dəfə yox. İndi mənim oğlum böyüyür - İsmət İsmayıl oğlu Qayıbov. Tam atamın adaşıdır. Baxıram, o, atam xasiyyətdədir”.
İsmət Qayıbov Qarakənd faciəsinin qurbanı olduqdan sonra da daim xalqın qəlbində yaşayıb. Hazırda Gəncədə təhsil aldığı 1 nömrəli orta məktəb və yaşadığı küçə onun adınadır. Eyni zamanda ölkənin ayrı-ayrı yerlərində bir sıra təhsil, idman və mədəniyyət obyektləri, eləcə də neft tankeri İsmət Qayıbov adını daşıyır.
Orxan Cəfərzadə
- Baxış: 274