• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 850
— 05.09.2024 19:16

Prezident işgüzar səfərdədir

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər edib. Prezident və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.

Azərbaycan Prezidenti Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb. Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. Sercio Mattarella Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyib. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb və Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib. Bununla belə, bəzi Avropa ölkələrinin bu əlaqələrin inkişafına maneə yaratdığını qeyd edib. Prezident İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət qəbul edilib.

Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib. Ciorcia Meloni dövlətimizin başçısının səfərinin çox səmərəli olduğunu vurğulayaraq, İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığını qeyd edib, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini bildirib.

Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.

Azad Mustafayev