Azərbaycan sərhədini pozduğuna görə saxlanılan erməni diversant Qaqik Aşotoviç Voskanyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Məhkəmə işinə noyabrın 30-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq. İş üzrə 5 nəfər zərərçəkən var. Erməni diversiya qrupu avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.
- Baxış: 211