Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub. Artıq üç ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur.
- Baxış: 203