• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 16.11.2023 18:41

Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin 7-ci iclası

KepezTV Player

“Azərbaycan üzv dövlətlər arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün zəruri addımlar atmağa hazırdır”. Bu fikirləri Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasında çıxışı zamanı səsləndirib. O, türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdiyini və tranzit keçidlərinin artdığını diqqətə çatdırıb. Zəngəzur dəhlizinin Orta Dəhlizin mühüm hissəsi olacağı vurğulanıb. 

Rəşad Nəbiyev- rəqəmsal inkişaf və nəqliyyat naziri: “Avropa tərəfdaşlarımız Orta Dəhlizə önəm verirlər. Biz düşünürdük ki, ənənəvi dəhlizlərlə Şərqdən Qərbə və Qərbdən Şərqə yüklərin daşınması kifayətdir, lakin geosiyasi məsələlərlə bağlı son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb. Dəhlizə üzv ölkələrlə birlikdə Yol Xəritəsi hazırlanıb: "Bu, çox mükəmməl bir sənəddir və burda digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik".

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Zəngəzur dəhlizinin sosial-iqtisadi, geosiyasi faydalarından söz açıb.

Kubanıçbek Ömüraliyev- TDT-nin baş katibi: “Azərbaycan qlobal logistika-nəqliyyat sahəsində əsas oyunçulardan biridir, Avropa ilə Asiyanı birləşdirir və bunlar iqtisadi artım üçün imkan yaradır. Nəqliyyat məsələləri türk dövlətləri üçün pioritet məsələlərdəndir. Bu, sənədlərdə də öz əksini tapıb. Bu tədbirdə də nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, çətinliklərin aradan qaldırılması əsas hədəf götürülüb. Bizim əsas məqsədimiz Orta Dəhlizin inkişaf etdirilməsidir”.

Daha sonra tərəfdaş ölkələrlə əməkdaşlıq çərçivəsində dəhliz boyu tarif siyasətinin uyğunlaşdırılması, sərhədlərdəki sənədləşmənin sadələşdirilməsi, nəqliyyat şirkətlərinin və dəmir yolu administrasiyalarının əməliyyat fəaliyyətinin sinxronlaşdırılması üzrə görülən tədbirlərin ilkin nəticələri barədə məlumat verilib. İclas çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması məqsədilə Azərbaycan tərəfindən yaradılan Rəqəmsal Nəqliyyat Logistika Platforması haqqında təqdimat olunub. Sonda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasının yekunlarına dair Kommunike imzalanıb.

Vüsalə Cənnətova