• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 11.11.2023 19:45

Payız mövsümündə C vitamini ilə zəngin qidalar daha çox qəbul edilməlidir

KepezTV Player

İnfeksion xəstəliklərin yayıldığı dövrdə nə ilə və necə qidalanmağa diqqət yetirmək vacibdir. Yəni orqanizm üçün lazım olan gündəlik karbohidrat, zülal, yağ balansını təmin etmək, vitamin və minerallarla zəngin olan qidalara üstünlük vermək lazımdır. Mütəxəssislər deyir ki, çox yemək, sağlam olmaq demək deyil. Düzgün, balanslı və vitaminli yeməklərə üstünlük verilməlidir.

Tahir Əmiraslanov- Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru: “Artıq qış gəlib deyə, qışda ət və xəmir xörəklərinə daha çox üstünlük verilməlidir. Artıq narın, heyvanın mövsümüdür. Öz mövsümündə o meyvələri indi istifadə etmək lazımdır. Çalışın ki, o yeməkləri yaxşı çeynəyin ki, bu, tam həzm olunsun, rahat olasınız. Çox yeməyə üstünlük verməyin. Nəfsi saxlamaq lazımdır. Onda salamat olacaqsınız. Sağlamlığa görə də mədənin maksimum 3 dən 1-i qida ilə dolu olmalıdır. Bu, ən çoxudur”.

Havalar soyuqduqca elə insanın özü də qida rasionunda müəyyən dəyişiklikləri etməyə maraq göstərir.

Həkimlər deyir ki, payızda havalar dəyişkən keçdiyi üçün ən çox da meteohəssas insanlar daha diqqətli olmalıdırlar. Çünki bu, onlarda immunitetin zəifləməsi və ona bağlı bir çox xəstəliklərə rastlanma tezliyini artırır. Ona görə də müqaviməti gücləndirən qidalara üstünlük verilməsi tövsiyə olunur.

Şirxan Vəliyev- həkim: “Qidalanma rejmində daha çox C və B qrup vitaminləri qəbul etməli, bu vitaminlərin daha çox olduğu qidalardan istifadə etmək lazımdır. Zülal tərkibli qidalar, ət və ət məhsulları, ağartı məhsulları - pendirdən, şordan daha çox istifadə edilməldir. Düzgün qidalanmaya diqqət etmədikdə iki tip xəstəliklərlə qarşılaşırıq. Birinci, bizim həzm sistemi xəstəliklərimiz olur ki, xoralar, yaralar, qastrit və digər problemlərlə biz rastlaşırıq. İkincisi, ümumi bədənin qidalanma rejimi pozulduğundan halsızlıq, yorğunluq, kəskin respirator xəstəliklərlə qarşılaşma tezliyimiz daha da yüksəlir”.

Çalışmaq lazımdır ki, ilin bütün fəsillərində yaşıl tərəvəzlər, süd və süd məhsulları qida rasionunun əsas hissəsini təşkil etsin. Bundan başqa şəkər immuniteti zəiflədən qidadır və ona görə də şirniyyatdan mümkün qədər az istifadə olunması məsləhətdir. Gün ərzində çoxlu maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir.

Aişə Rzayeva