• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 08.11.2023 19:06

Şanlı zəfər yolumuzun Şuşa zirvəsi

Azərbaycan xalqı torpaqlarının işğaldan qurtulacağı günü 30 il səbrlə gözlədi. Ölkəmiz münaqişənin diplomatik yollarla həll olunmasına üstünlük verdi, qan tökülmədən sülh bağlanmasına görə beynəlxalq təşkilatlara bel bağladı. Lakin bölgədə vasitəçilik etməyə çalışan keçmiş ATƏT-in Minsk qrupu nə sülh yarada bildi, nə də problemi həll etməyə çalışdı. İşğaldan sonra məcburi köçkün olan 1 milyona yaxın vətəndaşımızın vətən həsrəti isə hər keçən gün böyüyürdü. Onlar 30 illik dövrdə nə qədər əziyyət çəksələr də, dik durdular. Ermənistanın törətdiyi təxribatlar nəticəsində İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci il tarixdə başlayanda Azərbaycan dəmir yumruğunu qaldırdı. Bütün ölkə - uşağından ahılınadək 44 gün boyunca birlik nümayiş etdirdi. Ailələrin müstəqillik dövründə vətənpərvərlik ruhunda böyütdüyü övladlar könüllü olaraq hərb meydanına yollanmaq üçün sıraya düzüldü. Və əsgərimiz Qarabağda dastan yazdı. Erməni ordusuna həm havada, həm də quruda göz açmağa imkan verməyən igidlərimiz günbəgün əsarətdə olan şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi yenidən vətən torpağına qatdı. Bütöv xalqımızın işğaldan qurtulmağını çox arzuladığı bir şəhər də varıydı. Qarabağın incisi Şuşa. Saysız-hesabsız sənətkarlar yetişdirən, təbiəti ilə insanı valeh edən bu məkan hər bir azərbaycanlının ruhunun vətəniydi. Müharibənin teleyini də məhz Şuşa həll etdi. 3 il öncə bu gün Ali Baş Komandan insanların həyacanla gözlədiyi Şuşanın işğaldan azad olunması xəbəri verdi.

Müşfiq Cəfərov- millət vəkili: “Zəfər bizim kimliyimizi bərpa etmiş oldu, qürurumuzu bərpa etmiş oldu. Çünki əvvəllər biz xarici ölkələrdə beynəlxalq təşkilatlarda təmsil olunarkən, bu problemin olduğunu dilə gətirirdik. Bu Zəfər bayramının keçirilməsi hesab edirəm ki, xalqımızın yaratdığı yeni bir tarixdi, yeni bir bayramdır”.

3 il əvvələ qədər Qarabağ azərbaycanlılar üçün ən ağır dərd hesab edilirdi. İndi isə möhtəşəm bir zəfərin adıdır. 8 noyabr ölkəmizin ən xoşbəxt və yaddaşlardan əbədi olaraq çıxmayacaq bir günü oldu. Bunun ardınca, cəmi bir gün sonra Ermənistan təslim oldu. İmzalanan kapitulyasiya aktı Azərbaycanın qələbəsini təsdiqlədi və əsarətdə olan daha 3 şəhər qan tökülmədən ölkəmizə geri qaytarıldı. Hərbi zəfərimizi daha sonra diplomatik qələbələr davam etdirdi. Artıq bütün dünya “Qarabağ Azərbaycandır!”, deyir. Hətta Paşinyanın özü də. Ancaq bir problem də qalmışdı. O, 30 ildir Xankəndidə özlərinə respublika yaratmaq istəyən qondarma rejim idi. Təslim olmayaraq ordumuza qarşı ayrı-ayrı vaxtlarda təxribatlar törədən bu qanunsuz silahlı birləşmələr üçün artıq vaxt daralırdı. Həmin qüvvələri təmizləmək üçün bu ilin 19 sentyabrında anti-terror tədbirlərinə start verildi. Bu dəfə qələbə 24 saatdan da az bir müddətdə qazanıldı, erməni terrorçuları ağ bayraq qaldırmağa məcbur oldular. Bundan sonra Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçdi və bu problem əbədi olaraq tarixə qovuşdu. Ölkə rəhbəri uzun illərin ardından bayrağımızı Xankəndidə dalğalandırdı. Bu gün Azərbaycan qələbəmizin ildönümünü qeyd edir, özü də builki zəfər paradı Xankəndidə keçirilir. Bu isə bütün dünyaya, eləcə də ermənilərin havadarlarına xanın kəndindən böyük mesajdır.

Elxan Şahinoğlu- siyasi şərhçi: “Bu gün fərəhli günümüzdür. Ali baş komandan özü Qarabağdadır. Arzulamaqda belə çətinlik çəkdiyimiz Xankəndidə hərbi paradımız keçirilir. Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Ali baş komandan, qəhrəman ordumuz 100 illik problemi həll etdik. Dünyaya gücümüzü, ədalətli mövqedə olduğumuzu göstərdik. Yaxın Şərqdə baş verən hadisələrə beynəlxalq aləm baxsın. Azərbaycan Qarabağdakı erməni mülki insanlara əziyyət vermədi, birinin də burnu qanamadı. Amma Yaxın Şərqdə görün nə qədər qurbanlar var”.

Bundan sonrakı mərhələdə xalqımızı daha böyük zəfərlər gözləyir. Təbii ki ilk növbədə bizim istədiyimiz şərtlərlə sülh müqaviləsi imzalanacaq və ardınca şanlı bayrağımız Qarabağda olduğu kimi, öz tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da dalğalanacaq.

Orxan Cəfərzadə