İnsanların kreditə müraciəti onların gündəlik tələbatından ortaya çıxan amildən irəli gəlir. Yəni görülən işin məbləği qarşılanmayan halda insanlar kredit götürməyə üz tuturlar. Şübhəsiz ki, istehlak məqsədi daşıyan bu kreditlərin əldə edilməsi üçün banklara, ya da lombardlara daha çox üz tutulur. Şərtləri, faiz dərəcələri müxtəlif olduğu kimi, etibarlılıq amili də burada öz sözünü deyir.
Qalib Qurbanov- sakin: “Dövlət bankının başı bağlıdır, dövlətə yaxındır. Lombard hər addım başı komissiyon kimi açılır. Pulunu alır, qızılını alır qoyur ora, sonra da qarışıq da salır, başımıza da gəlib. Qoyulubdur, qurtarandan sonra deyirlər ki, o adam burada yoxdur. Rusiyadadır gərək özü gələ. Altı aydan sonra ora girov qoyduğumuzu, zorla götürmüşük”.
Zübalə Nuriyeva- sakin: “Pul götürməkdə bank yaxşıdır. Bankda faiz aşağıdır. Lombarda inamım var, ancaq faiz çoxdur. Banklarda faiz ona baxanda aşağıdır”.
Elxan Məmmədov- sakin: “Banka daha çox etibar edirəm. Çünki bank etibarlıdır. Lombarda etibarım yoxdur. Neçə illərdir bankla işləyirəm, hər il də götürüb vaxtlı-vaxtında ödəyirəm, problemim çıxmır”.
İsmayıl Əliyev- sakin: “Bankda hər bir şey qayda-qanunladır. Lombard isə qızıl tələb edir. O boyda qızıl hardadır? O boyda qızılım olsa, lombarda getmərəm”.
Görünən odur ki, etibarlılıq və sərfəlilik baxımında üstünlük bankların tərəfindədir. Lakin iş yeri, rəsmi gəlir mənbəyi olmayanların götürdükləri kreditin ünvanı lombard olur. Bu isə girov müqabilində mümkündür. Həm banklar, həm də lombardlar daha çox müştəri cəlb etmək üçün müxtəlif amillərdən, rəqabət şəraitində kompaniyalardan istifadə edir. Lakin hər ikisini ümumiləşdirən cəhət kreditlərin verilməsi hesabına fəaliyyət göstərmələridir.
Məsim Abadov- iqtisadçı ekspert: “Bank etibarlıdır, ilk öncə bankın sığortası var. Götürülən kreditlərlə sənin özün, hətta həyatın belə sığortalanır. Faiz baxımından da banklar sərfəlidir. Nə qədər lombardlar desə ki, faiz aşağıdır bankların faizi ondan aşağıdır. Lombardlarda aylıq faiz yazır. Aylıq faizində də yazır ki, 2, 3 hətta 5 faizlə verir. Bank yazır ki, 12 faizlə bu da ilə 12 faiz olanda gəlib aya 1, 2 faiz edir”.
Müqayisə nəticəsində demək olar ki, sakinlərlə ekspertlərin ortaq mövqeyi bankları üstün səviyyəyə çıxarır. Üstəlik də bəzi bankların tətbiq etdiyi yeniliklər kartla ödəniş zamanı imtiyazlar qazandırır. Odur ki, seçimdən asılı olmayaraq kredit əldə edərkən 100 ölçüb- 1 biçməkdə fayda var.
Elnur Vahidoğlu
- Baxış: 318