• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 07.09.2023 20:08

Əmlak sığortasına maraq 10%-dən də azdır

KepezTV Player

Ölkəmizdə vətəndaş məsuliyyətsizliyini azaltmaq, onların baş verə biləcək hadisələrdən ən az zərərlə xilas olunmasını təmin etmək məqsədilə 2011-ci ildən etibarən daşınmaz əmlakın icbari sığortası sistemi tətbiq olunur. Amma bununla belə Azərbaycanda yaşayış əmlaklarının 90%-i, qeyri-yaşayış obyektlərinin isə 70 %-i icbari qaydada sığorta edilmir. Bəs vətəndaşların sığortanın bu növündən yayınmasına səbəb nədir? Belə vətəndaşlara hər hansı cərimə tətbiq oluna bilərmi?

Daşınmaz əmlakın icbari sığortası- mənzilin yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Dünyanın bütün inkişaf etmiş ölkələrində tətbiqi geniş yayılan əmlak sığortasına maraq ölkəmizdə demək olar ki, yox səviyyəsindədir.

Elnur Həsənov- Sığorta şirkətinin direktoru: “Könüllü müraciət edən şəxslər demək olar ki, azdır. Adətən banklarda girov qoyularkən onda banklar tərəfindən tələb olunur, əmlak könüllü şəkildə sığortalanır. Qeyri-yaşayış obyektlərində isə FHN əməkdaşları yoxlamalar apardığına görə, qeyri-yaşayış obyektləri ilə bağlı müraciətlər çoxdur. Amma şəxslərin öz mülkiyyətində olan fərdi yaşayış evlərinin icbari sığortası ilə bağlı müraciətlər azdır. Ötən illə müqayisədə bu il bir az ləngimələr oldu, azalma müşahidə edirik. Bakı şəhərində sığorta üzrə tarif 50 manat, sığorta təminatı 25 min manatadək, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manatadək, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat təminatı isə 15 min manatadək müəyyən olunub”.

Şəhər ərazisində sorğu keçirdiyimiz zaman məlum oldu ki, vətəndaşların əksəriyyəti evlərini sığorta elətdirməyib. Səbəb olaraq ya maddiyatı, ya da sənədlərin qaydasında olmadığını əsas gətirdilər.

Şəhər sakini: “Bir dəfə elədim. Gördüm, heç kim eləmir. Daha mən də etmirəm”.

Şəhər sakini: “Xeyr. Qəsəbədə qalıram. Orda heç bir sənəd yoxdur”.

Şəhər sakini: “Maddi duruma görə”.

Şəhər sakini: “Vaxtımız yoxdur hələ”.

Şəhər sakini: “Məlumatımız yoxdur. Yəqin ki, yaxın müddətdə məcbur da olsa elətdirməliyik”.

Şəhər sakini: “Bəli etmişik. Cərimə olunacaq deyə qərar çıxmışdı. Ondan sonra etdik”.

Daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri müəyyən cərimə və məhrumiyyətlərlə də üzləşə biləcəklər.

Elnur Həsənov- Sığorta şirkətinin direktoru: “İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib”.

Bununla belə bir də daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı əmlak sığortasından istifadə olunur. Çünki, sığortanın bu növü aidiyyəti qurumlar tərəfindən məcburi tələb olunur.

Nail Qarayev- 1 saylı Notariat Ofisinin əməkdaşı: “Əsasən məcburiyyət qarşısında əmlak üzərində sərəncam verməyə dair müqavilələrin rəsmiləşdirilməsi zamanı sığorta müqaviləsinin bağlanması təmin edilir. Bunların sırasına daxildir - daşınmaz əmlakın alqı satqısı müqavilələri, daşınmaz əmlakın bağışlanması müqavilələri, daşınmaz əmlakın dəyişdirilməsi müqavilələri və qarışıq müqavilələr, daşınmaz əmlakın ipotekası müqavilələrinin rəsmiləşdirilməsi zamanı qeyd etdiyimiz sığorta tərəfimizdən tələb olunur”.

Son 5 ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığorta bazarı 1,8 dəfə artıb. Belə ki, 2018-ci ildə bu sığorta növü üzrə yığımlar 30,364 milyon manat təşkil edirdisə, 2022-ci ildə artıq 53,979 milyon manata çatıb. Sığorta ödənişləri isə 4,025 milyon manatdan 1,095 milyon manata enib, yəni 3,7 dəfə azalıb.

Aişə Rzayeva