• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 12.07.2023 19:14

Bölgələrdə xalçaçılıq sənəti yaşadılır

KepezTV Player

Xalça əcdadlarımızdan bizə qalan xatirə, dəyər, ən qədim sənət növüdür. Hələ qədimdən xalçalar üzərlərində böyük bir tarix, dərin məna daşıyıb. Bu gün də qədim sənət növü qorunur, yaşadılır. "Azərxalça"nın Şəmkirdə fəaliyyət göstərən müəssisəsində reallaşan xalça istehsalı belə deməyə əsas verir. 

Solmaz Cəlilova- toxucu: “Azərbaycanın xalçaları dünyada həmişə birinci yerdə olub. Bir çox yerlərdə mükafatlara layiq görülüb. Evdə nənəm xana qururdu, saya yerlərini bizə toxutdururdu. O vaxtdan da bilirdim. Bura da açılanda bura gəldim. Bir çox gənclərə xalçanın toxunmasında köməklik etmişəm”.

71 yaşlı Solmaz Cəlilova “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında çalışan ən qocaman toxucudur. Müəssisə açılandan burada çalışır. İndiyə kimi Quba, Şirvan, Gəncə, Qazax və digər bölgələrə aid xalçaların toxunmasında iştirak edib. Eləcə də xalça toxumağın incəliklərini öyrədib. Hər bir xalçanın regionuna uyğun öz xüsusiyyətləri var. Bəzəkləri, rəngləri, naxışları fərqlidir. 

Ruhiyyə Süleymanova- toxucu: “Biz hazırda Qarabağ xalçası toxuyuruq. Sənətimizi çox sevirik və bir-birindən maraqlı xalçalar toxuyuruq”.

Kəmalə Qədimova- toxucu: “Bu sənət mənə nənəmdən qalıb. Çox gözəl xalçalardır, bizim əl işlərimizdir. Toxuduğumuz Quba xalçasıdır. Bizə maddi cəhətdən yaxşıdır. Keçmişimizi yaşadırıq və bizim üçün qürurverici işdir”.

Tamam Balakişiyeva- toxucu: “Bu xalça toxumağı nənəmdən öyrənmişəm və ona baxıb həvəsə gəlmişəm. Burada da işləyirəm və sənətimi də çox sevirəm. Aldığımız əməkhaqqı ilə dolana bilirik. Evə kömək edə bilirik. Sənətimizin uzunömürlü olmasını istəyirik”.

Bu xalça Qarabağ xalçasıdır. Bu xalçanın adı “Nəlbəkidə gül” adlanır. Xalçanın uzunluğu 2 m 80 sm, eni isə 2 m 20 sm olacaqdır. Hazırda bu xalçanın son tamamlanma işləri gedir.

Fəaliyyətə başladığı 6 il ərzində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında 980 xalça toxunub. Burada yun və ipək saplardan istifadə edilməklə, xalçalar ərsəyə gəlir. İpək xalçalar daha çətin ərsəyə gəlir və hazırlanması çox vaxt tələb edir. Ölçüsündən asılı olaraq bu müddət 20 gündən 3 aya qədər çəkə bilər. Müəssisədə tələbata uyğun olaraq daha çox Qarabağ xalçaları toxunur. 

Orxan Hümbətov- “Azərxalça” ASC-nin Şəmkir filialının direktoru: “Biz qədim adət-ənənələrimizi dünyaya göstəririk, bu, bizim xalçalardır və bizdə toxunur. Bunlar Azərbaycan xalçalarıdır. Toxucularımız gəlib həvəslə işləyirlər. Yaxşı da toxuyurlar və hər yaşda da toxucularımız var”.

Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçalar milli dəyərimiz sayılır və toxucular əsrlərdir yaşadılan ənənəni bu gün də davam etdirirlər. 

Elnur Vahidoğlu