• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 09.05.2023 20:38

I və II ixtisas qruplarına sənəd verənlərin sayı çoxdur

KepezTV Player

Ali təhsil müəssisələrinin ixtisas qruplarına 1 cəhd qeydiyyatı artıq başa çatıb. İxtisas qrupları üzrə təhlil aparanda görmək olar ki, ən çox abitruyent 1-ci və 2-ci qrupa sənəd verib. Bəs ildən-ilə bu ixtisas qruplarına maraq və təlabatın artmasına səbəb nədir?

Dövlət İmtahan Mərkəzinin səhifəsində yer alan məlumata görə, ilk dəfə I və II ixtisas qruplarına sənəd verən abituriyentlərin sayı III ixtisas qrupu üzrə abituriyentlərin sayını üstələyib. Bu, humanitar ixtisasa marağın azalması anlamına gəlir. Səbəbini elə abituriyentlərin özlərindən öyrənək. Muzadil Həsənli- abituriyent: “I qrupa hazırlaşıram. Buraxılışdan topladığım bal 200-dür. Blokdan da 310 bal toplasam, Bakı Mühəndislik Universitetini seçəcəyəm. İnformasiya təhlükəsizliyi. İndiki dövr kompüter dövrü olduğu üçün, həm də marağım olduğu üçün, oranı seçmək istəyirəm”.

Gülmira Cavadzadə- abituriyent: “11-ci sinif şagirdiyəm. I qrupa hazırlaşıram. Buraxılış balım 235-dir. Riyaziyyat müəlliməsi olub, savadlı riyaziyyatçılar yetişdirmək istəyirəm. O da alınmasa, kompüter elmləri və ya kompüterlə bağlı digər ixtisaslara yönəlmək istəyərəm. Düşünürəm ki, gələcəkdə bu ixtisaslara daha çox tələbat olacaq”.

Ayaz Əsgərov- abituriyent: “İstədiyim fakültə alman menecmentliyidir. II qrup, ingilis dili üzrə. Çünki, ingilis dilinə olan həvəsim çoxdur. Blokdan da 200 bal yığsam, istədiyim fakültəyə qəbul olacağam”.

Muhammedali Məsimov- abituriyent: “I qrup üzrə hazırlaşıram -kompüter mühəndisliyinə. Həm kompüterə tələbat çoxdur, həm də uşaqlıqdan bəri oyun qurmağa, proqram yazmağa həvəsim olub. İndiki dövrdə kompüterlər çox istifadə olunur, daha gəlirli sahədir”.

Ekspertlər elə hesab edir ki, 1-ci və 2-ci ixtisas qruplarında keçid balları digər qruplara nisbətən daha aşağıdır. Ancaq abituriyentlərin az və ya çox bal toplaması gələcək ixtisas sahəsi seçimlərinə təsir edən elə də ciddi amil deyil.

Kamran Əsədov- Təhsil eksperti: Biz ixtisas qrupları üzrə təhlil aparanda görürük ki, əlbəttə ən çox abituriyent 1 və 2-ci ixtisas qrupundadır. Bu rəqəmləri biz əvvəlki illərlə müqayisə edəndə ortaya maraqlı bir mənzərə çıxır. Belə ki, bu il 1-ci ixtisas qrupu üzrə 26112 nəfər Azərbaycan bölməsinə qəbul olmaq üçün sənəd verib. 2-ci ixtisas qrupunda isə 2021-ci ildə 15 min abituriyent, 2022-ci ildə 19 min, 2023-cü ildə isə 21 min. Və biz 2-ci ixtisas qrupunda artmanı müşahidə edirik. 2-ci ixtisas qrupunda təbii ki, əsas məsələlərədən biri burdakı fənnlər məsələsidir. Yəni, riyaziyyat və tarix, eyni zamanda coğrafiya abituriyentlər tərəfindən daha yaxşı hazırlaşıla bilinən fənnlərdir. Eyni zamanda, əvvəlki illərdə belə bir fikir vardı ki, 2-ci ixtisas qrupuna daha aşağı balla qəbul olmaq mümkündür. Amma mən düşünürəm ki, bu il hardasa 2-ci ixtisas qrupuna qəbul olmaq üçün 170-dən aşağı bal toplayanların müəyyən qədər narahat olmalarına səbəb olacaq”.

Ölkənin inkişaf konsepsiyasına uyğun olaraq, ildən-ilə Azərbaycanda gənclərin dəqiq elmlərə, xüsusən, mühəndis-texnoloji sahəyə marağı artır. Bu ixtisaslar da I qrupda formalaşdığı üçün I və II ixtisas qruplarına daha çox sənəd verilir.

Kamran Əsədov- Təhsil eksperti: “Hazırda dünyada müasir trendlər var və müasir trendlər arasında yeni ixtisaslar var. Və yaxud da hazırkı ixtisasların gələcəkdə istifadə olunma məsələsi var. Bunlar əslində II ixtisas qrupunun maliyyə, mühasibat, bank işi - yəni sırf iqtisadiyyatla bağlı, biznesin idarə edilməsi, logistika və bu kimi ixtisaslar - marketinq, menecment bu ixtisaslar gələcəkdə də istifadə oluna biləcək deyə, insanlar 2-ci qrupa meyilləniblər”.

2022-ci ildə plan yerlərin sayı 50 min idisə, bu il 60 minə yaxın olacağı gözlənilir. Ona görə də boş yerlərlə bağlı hər hansı çətinliyin olacağı gözlənilmir.

Aişə Rzayeva