Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə müraciət edən Qazax rayon sakini İsmayıl Umudov tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqları, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxtın Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev, Masallı rayon sakinləri Aqil Nüsrətli, Cavid İbrahimov, onun qardaşı Valid və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən İsmayıl Umudov Türkiyədə yaşayır və o, hadisədən bir neçə gün əvvəl mobil telefon vasitəsilə dəstə üzvü Cavid İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə İbrahimov Umudova sms göndərərək, onu Bakıya Buzovna qəsəbəsinə görüşə dəvət edib. Qeyd edilən ünvanda Umudovu İbrahimovla bərabər qardaşı və adları çəkilən dostları qarşılayıblar.
Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib, cibindəki pulları götürəndən sonra onu Cavid İbrahimovun “Opel” markalı avtomobilinin yük yerində dəstənin digər üzvü Cavid Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə Umudovun çılpaq şəkillərini çəkiblər və polisə şikayət edəcəyi təqdirdə bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 1076