• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 02.03.2023 11:51

Uşaqlarda kəkələmə problemi və həlli

KepezTV Player

Kəkələmə xüsusilə uşaqlar arasında geniş yayılmış nitq pozuntusudur. Belə  problemi olan insanlar nə demək istədiklərini bilirlər, ancaq danışmaqda çətinlik çəkirlər. Sözlər, səslər və ya hecalar təkrarlanır, danışmaqda fasilə və ya nitq sürətində qeyri-bərabərlik müşahidə olunur. Eyni zamanda, həmin şəxslərdə özgüvən əksikliyi, həyacan, təşviş, stressə davamsızlıq  kimi hallara da rast gəlmək mümkündür. Onlar həyəcanlandıqları vaxt gərginləşir, özlərinə nəzarəti itirir və daha da çox kəkələməyə başlayırlar. Ən çox 2-6 yaş arasında ortaya çıxan kəkələməyə uşaqların təxminən 5-10%-də rast gəlinir.

Kəkələmə problemi olan uşaqlara qarşı daha həssas davranmaq vacibdir. Onları izdihamlı yerlərdən uzaq saxlamaq, güclü səs dalğalarına məruz qoymamaq lazımdır. Həmin uşaqlarla danışarkən səlis və aydın danışmaq, söhbət zamanı onları tələsdirməmək, müdaxilə etməmək tövsiyə olunur. Belə problemi olan uşaqlar üçün özlərini rahat ifadə edə biləcəkləri konfort zona yaradılmalıdır. Onların sakit və mehriban şəraitdə yaşayışı təmin edilməlidir. Nitq pozuntusu olan uşaqların onları qorxudan, həyəcanlandıran mühitdə olması müalicənin gedişinə mənfi təsir göstərə bilər. Çünki müalicə prosesi ərzində ilk növbədə uşağın psixoloji sağlamlığı və rahatlığı təmin edilməlidir ki, nitqdə düzəlmə də müşahidə edilsin. 

Bəzi hallarda isə kəkələmə xroniki xəstəliyə çevrilir və yetkinlik yaşına qədər davam edir. Bu cür kəkələmə insanın digərləriylə qarşılıqlı münasibətlərinə mənfi təsir göstərir. Kəkələmə problemi cəmiyyət içində nitqində qüsur olan şəxsin nüfuzunu sarsıdır. Kəkələmə problemi olan şəxs çıxış edərkən və ya telefonla danışarkən çətinlik çəksə də, öz-özünə danışanda, ya da rahat hiss etdiyi mühitdə olanda bu problemlər yaşanmır. 

“Uğurlarımı yalnızlığıma borcluyam”, deyir Franz Kafka. Tək ikən özünü ifadə edə bilən bir insan başqalarının yanında bunu bacarmırsa, düşünmək lazımdır. Bəlkə, mühitdə sevgi və anlayış çatışmır? Ümid ilə! Xoş sabahlar!

Aysel Abbasova