• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1353
— 03.04.2024 19:46

Həkim olmaq istəyən şəhər birincisi

KepezTV Player

Martda keçirilən 11-cilərin buraxılış imtahanının nəticələri elan olunub. Abituriyentlər sırasında maksimum nəticə əldə edərək fərqlənməyi bacaranlardan biri də Gəncə məktəblisidir. 

Orta təhsil səviyyəsi üzrə 3 mart tarixində keçirilən buraxılış imtahanında 14 məktəbli maksimum nəticə göstərərək 300 bal toplayıb. Onlardan biri də Gəncə şəhər 16 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Pakizə Hüseynovadır.

Pakizə Hüseynova- şagird: “Özümdən bu balı gözləyirdim. Çünki 9-da da yüksək bal toplamışdım, 297 bal. Uşaqlıqdan da fənlərin üzərində yaxşı dayandığım üçün, zəhmət çəkdiyim üçün xəyalımı gerçəkləşdirdim. Nəticələr çıxanda heç mənim xəbərim olmadı. Müəllimələr mənə xəbər verdi. Həyacanlarını hiss edirdim. Məndən daha çox sevindiklərini hiss edirdim. Əslində onların da əziyyətinin bəhrəsi sayılıram. Digər şagirdlərə tövsiyəm odur ki, hər zaman məqsədləri uğrunda daha çox çalışsınlar və desinlər ki, mən hələ də yetərli deyiləm. Məqsədə çatmaq üçün bundan başqa yol yoxdur”.

Pakizə Hüseynova təhsildə uğurları ilə yaşıdlarından seçilib. O, həm də 9-cu sinifdə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən maksimum nəticə göstərərək Gəncə şəhər birincisi olub. Pakizənin müəllimləri deyir ki, o, təkcə hazırlaşdığı blokda olan fənləri deyil, bütün fənləri mükəmməl bilir. Bu da onun uğurlu olmasının əsas səbəblərindən sayılır.

Aysel Mehdiyeva- müəllimə: “Pakizə çox çalışqan, ağıllı, savadlı əsl nümunəvi şagirddir. Pakizənin nəticəsi hamımızın sevincimizdir. Bu nəticənin də səbəbkarı elə ən birinci Pakizənin özüdür, onun zəhmətidir. Pakizə, sonda maksimum nəticə göstərəcək. Biz buna inanırıq. Çünki o, uşaqlıqdan bəri nəinki bir neçə fənni, bütün fənlərə maraq göstərib və dərinliyinə vararaq üzərində işləyib”.

Nuranə İsgəndərova- müəllimə: “6-cı sinifdən bəri Pakizəyə ingilis dili dərsini tədris edirəm. Bu gün çox sevinirik. Çünki Pakizə nəinki məktəbimizi, həm də Gəncəni respublika üzrə ön sıralarda edib. İngilis dilindən mükəmməl savada malikdir. Yeni tədris metodları olan dinləmə və yazı mətnlərində çox yaxşıdır. Onunla yanaşı ingilis dilinin qaydalarını da yaxşı bilir. Bu təbii ki, bizim və məktəbimiz üçün çox fəxrdir”.

İndi Pakizə Hüseynova bütün fikrini iyunun 2-də keçiriləcək 4-cü qrup üzrə imtahanına cəmləyib. Şəhər birincisi olan məktəbli son bir neçə ildir toplanmayan 700 balı toplayıb, respublika birincisi olmaq arzusundadır.

Pakizə Hüseynova- şagird: “Blok imtahanından maksimim nəticə gözləyirəm özümdən. 700 bal toplamaq mənim hədəfimdir. Bunu, Prezident təqaüdünə görə də istəyirəm. Azərbaycan Tibb Universitetində oxumaq istəyirəm, həkimlik üzrə. İstiqaməti hələ seçməmişəm, orda hiss edirəm ki, maraq oyanar. Tibb universitetini də bitirdikdən sonra özümü daha da təkmilləşdirmək üçün xaricdə təhsil almağı düşünürəm. Və yaxşı mütəxəssis olduqdan sonra da ölkəmə qayıdıb, insanlara yardım etmək mənim xəyalımdır”.

Martın 10-da keçirilən buraxılış imtahanının nəticələrinin 15–19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur.

Aişə Rzayeva