• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 01.03.2024 10:28

Etika nədir?

İnsanların öz davranışlarında etiket qaydalarına əməl etməsi cəmiyyət üçün son dərəcə vacib amillərdən biridir. Bəzən olduğumuz yerdə və məkanda bizim xarici görünüşümüzlə bərabər, hərəkətlərimiz də xarakterimizdən xəbər verir ki, bu da etiket qaydaları adlanır. İndi isə etiket qaydaları haqqında daha ətraflı işinin peşəkarından öyrənək.

Aytac Seyidova- ingilis dili müəllimi: “Etika sözünü elmə ilk dəfə Aristotel gətirmişdir və bununla da adətlərimizin, mədəniyyətlərimizin elmə gətirilməsi nəzərdə tutulmuşdur. Etika anlayışı düzgün davranış qaydalarını özündə cəmləşdirən bir sözdür”.

Müsahibimiz qeyd elədi ki, ictimai nəqliyyatda, restoranda və hər yerdə etiket qaydalarına əməl etməliyik. Hər bir mühitin qəbul olunmuş etiket qaydaları var. Məsələn, birinci olaraq yolvermək  lazım gəldikdə qadınlara hörmət əlaməti olaraq yol vermək lazımdır. Ancaq çox zaman gənclər həmyaşıdlarından başqa yaşlı insanlara da eyni reaksiyanı verirlər.

Aytac Seyidova- ingilis dili müəllimi: “Mən düşünürəm ki, bəzi insanlar bu qaydalara əməl etmirlər. Ya bu qaydalardan bixəbərdilər, ya da ki, bildikləri halda əməl etmirlər. Buna nümunə olaraq göstərə bilərik ki, ictimai nəqliyyatda, parkda, ofisdə kimsə musiqini yüksək səslə dinləyir. Bu da halbuki başqa insanların xoşuna gəlməyə bilər. Ya da ki, parkda skamyada oturarkən digər insanların oturmasına mane olacaq şəkildə oturmaq da düzgün hal deyil”.

Hər bir insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq çox böyük əhəmiyyət kəsb edir. Bu cür qabiliyyət sayəsində insan başqaları ilə asanlıqla əlaqə yarada bilir, qarşılıqlı anlaşmaya nail olur.

Aytac Seyidova- ingilis dili müəllimi: “Etik davranış qaydaları bütün insanlar aiddir. Təbii ki, bütün peşələrin də özlərinə məxsus etik qaydaları var. Müəllimlik də belədir ki, misal üçün hər şagird fərqli xasiyyətdə olur. Onların hər birinin davranışlarına sakit yanaşmalıyıq. Eləsi olacaq ki, aqressivdir, eləsi olacaq ki, özündən asılı olmayaraq səhv hərəkət edəcəkdir. Biz müəllimlər də təbii ki, onları anlayışla qarşılamalıyıq və qarşısındakı insana da hörmət etməliyik, bu da ki, etika davranış qaydalarından biridir”.

Başqa etiket qaydalarına nümunə olaraq isə gündəlik həyatımızda kiçik nüans kimi görünsə də, ictimai nəqliyyatda, iş məkanında yüksək səslə danışmaq və kobud hərəkətlər etmək, musiqiyə qulaq asmaqla bərabər yüksək səslə dinləmək də qaydaların pozulmasına gətirib çıxarır.

Aytac Seyidova- ingilis dili müəllimi: “Misal üçün, sizin bayaq bıçağınız düşdü. Bəzi insanlar buna sərt reaksiya verir. Bəzi insanlar ofisiantı qışqıraraq çağırır. Amma sadəcə əlimizi qaldırıb, elə çağırmalıyıq. Bu da etika qaydalarından biridir. Mən düşünürəm ki, davranış qaydalarından, etika qaydalarından məlumatı olmayan insanlar, gənclər bunu araşdırmalı, məlumatlı olmalı və bunu öz həyatlarında tətbiq etməlidirlər. Qarşılarındakı insana qarşı daha anlayışlı, təmkinli, səbirli olmalıdırlar. Çünki günümüz bunu tələb edir”.

Aytac Bayramova