MDB Oyunlarının 2025-ci ilin avqust ayına təsadüf edəcəyini nəzərə alsaq, yarışlara 1.5 ildən də az vaxt qalır. Gəncədə oyunların açılış və bağlanış mərasimi, eyni zamanda ayrı-ayrı idman növləri üzrə mübarizələrin təşkil edilməsi üçün infrastruktur yaradılır. Yarışların keçirilməsi üçün artıq nəinki ölkəmizin, həmçinin Cənubi Qafqazın ən böyük idman qurğusu olan Gəncə İdman Sarayının inşası başa çatmaq üzrədir. Bundan başqa Cavadxan yurduna yaraşan UEFA standartlarına cavab verən stadionun tikilməsinə də başlanılıb. Hazırda arenada təməl işləri görülür və gələn il oyunların startınadək inşasının başa çatdırılması nəzərdə tutulur. Hər iki infrastruktur, tədbirin ən yaxşı səviyyədə təşkil edilməsinə imkan verəcək.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: "Bu yarışın yüksək səviyyədə təşkil olunması, qonaqların yüksək səviyyədə qarşılanması, burada qalmaqları üçün hər bir şərait yaradılır. Bu tədbirin açılış və bağlanış mərasimi məhz Gəncə şəhərində təşkil olunacaq. Açılış mərasimini Gənclər və İdman Nazirliyi planlaşdırır ki, Gəncə şəhər stadionunda təşkil olunacaq, həm də bağlanış".
MDB Oyunları üzrə mübarizələr isə yalnız Gəncədə baş tutmayacaq. Müxtəlif növ yarışların, eyni zamanda digər şəhər və rayonlarda da reallaşması planlaşdırılır.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: "Demək olar ki, idman növlərinin çoxu Gəncə şəhərində təşkil olunacaq. Bununla yanaşı bilirsiniz ki, bu, böyük bir idman tədbiridir, Gənclər və İdman Nazirliyi, 10-dan çox idman infrastrukturu olan şəhər və rayonlarda yarışların keçirilməsini nəzərdə tutur. Təbii ki, hər məkana uyğun idman növləri üzrə mübarizələr təşkil ediləcək".
Beynəlxalq idman tədbiri ilə bağlı növbəti mərhələdə təbliğat işləri həyata keçiriləcək. Şəhərin fərqli nöqtələrində reklam çarxları və banerlərin yerləşdirilməsi, eləcə də təşviqat xarakterli idman yarışlarının təşkili yerinə yetiriləcək. Bunlarla yanaşı nümayəndə heyətlərinin qonaqlama xidməti və digər məsələlərlə bağlı işlər də diqqətdə saxlanılacaq.
Orxan Cəfərzadə
- Baxış: 176