Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid qəbul imtahanı keçiriləcək. Müraciətlər çox, vakant yerlərin sayı isə məhduddur. Dövlət qulluqcusu olmaq istəyənlər artıq imtahana sayılı günlər qalan bu ərəfədə özlərini imtahan prosesinə hazır hiss edirlər.
Emin Hümbətov- imtahana hazırlaşan: “Artıq imtahanlara da az vaxt qalıbdır. İmtahanlara yüksək səviyyədə hazırlaşırıq. 70-80 bal arası düşünürəm. Məntiqdən daha yüksək yazmağı fikirləşirəm. 25-30 sual arası yazmaq fikrindəyəm. Ancaq qanunvericilik bir az zəifdir. İnşallah, imtahandan uğurlu nəticə alaram”.
Nail Aydınov- imtahana hazırlaşan: “Dövlət qulluğu üzrə Azərbaycan dili, informatika, məntiq və qanunvericilik üzrə hazırlaşırıq. Dərs prosesi normal gedir. Hazırlaşmağımızda elə bir çətinliyimiz yoxdur. Müəllimlərimizin səyi nəticəsində hazırlaşmağımız çox rahat və sərbəst gedir. İmtahana demək olar ki, 70-80% özümüzü hazır hiss edirik. İmtahanda maksimum 80-dən yuxarı nəticə gözləyirəm”.
Aysu Məmmədova- imtahana hazırlaşan: “İnşallah ki, bir problem olmasa imtahanda iştirak edəcəyik. Yüksək nailiyyətlər gözləyirik. Sınaqlarımız hər dərs keçirilir. Bu gün də demək olar ki, artıq son yekun sınaqlarımızı işləyirik. İnşallah ki, bir problemlə qarşılaşmasaq, hər şey yaxşı olacaq”.
İmtahanda iştrak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-nin internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara namizədin yaddaş kitabçası da təqdim olunur. Burda namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Sərxan Ağayev- DİM-in Gəncə regional bölməsinin böyük məsləhətçisi: “Dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test və müsahibə mərhələsindən ibarətdir. Fevralın 18-də keçiriləcək imtahan həmin müsabiqənin test mərhələsidir. 2754 nəfər qeydiyyatdan keçmişdir, yəni iştrakı gözlənilir. Ümumiyyətlə hər ay, yəni bir aydan bir B növü, bir aydan bir isə A növü üzrə, yəni inzibati rəhbər vəzifələri üzrə imtahanlar keçirilir”.
İmtahan kağız daşıyıcıları vasitəsilə Bakı və Naxçıvanda təşkil olunacaq. Proses saat 11:00-də başlayıb, 3 saat davam edəcək.
Pərvin Abbaszadə
- Baxış: 119