Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib.
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
Növbəti müddətə dövlət başçısı seçilən İlham Əliyev çıxışına yeni dövrün başladığı mesajını verməklə başlayıb. Bu dövrə alnıaçıq, üzüağ, başı dik daxil olduğumuza diqqət çəkib. Prezident İlham Əliyev qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladaraq, arxada qalan səlahiyyət dövrünün ən önəmli uğuru Vətən müharibəsi və antiterror əməliyyatlarının üzərində dayanıb.
Ermənistanın havadarlarının Azərbaycanı haqq işindən dayandıra bilməyəcəyi mesajını verən Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ərazisinə iddiası olmadığını, ancaq şantaj dili ilə danışmağın onlara baha başa gələcəyini qeyd edib. Dövlət başçısı Ermənistana İkinci Qarabağ müharibəsinin nəticələrini xatırladıb və Xankəndidə səsverməsinin səbəbini açıqlayıb.
Ordu quruculuğu prosesinin davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev dövlət büdcəsində ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladıb. Ölkəmizdə güclü hərbi sənaye kompleksinin yarandığını diqqətə çatdırıb. Bunun qarşı tərəf üçün ciddi mesaj olduğu və sülh müqaviləsi üçün qoyulan heç bir şərtin qəbul edilməyəcəyini bildirib.
Prezident İlham Əliyev keçmiş məcburi köçkünlər haqqında da danışıb. Bildirib ki, bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Plana əsasən azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərdə və 15 kənddə 20 min keçmiş köçkün yerləşdiriləcək. Ölkə başçısı şəhid ailələri və müharibə əlilləri üçün yaradılan şəraitdən də bəhs edib.
Milli-mənəvi dəyərlərin Azərbaycan cəmiyyətinin əsasını təşkil etdiyi, gənclərin milli ruhda tərbiyə edilməsinin dövlətin və hər bir ailənin qarşısında duran əsas vəzifə olduğunu vurğulayıb. Ələlxüsus da eyni soydan və kökdən olan xalqlarla əməkdaşlığın genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının qlobal gücə çevrilməsinin üzərində dayanan Prezident İlham Əliyev beynəlxalq təşkilatlarla bağlı prioriteti də açıqlayıb.
Hansısa ölkənin beynəlxalq ictimaiyyət adından danışmağa haqqı çatmadığına diqqət çəkən dövlət başçısı, bunun təvazökarlıqdan uzaq məsələ olduğunu vurğulayıb. Azərbaycanda güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyinin xarici siyasətin əsas amilləri olduğunu xaricdə yaxşı bildiklərini xatırladıb. Bundan irəli gələrək Prezident İlham Əliyev Ermənistanın havadarlarına mesaj verib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Gedin, öz işinizlə məşğul olun”.
Vüsalə Cənnətova
- Baxış: 113