Əvvəllər bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlərə rast gəlmək mümkün idi. İndi isə ilin istənilən fəslində bütün nemətlər satışda var. Necə deyərlər, geni dəyişdirilmiş məhsullar bazarlarda ayaq tutub yeriyir. Amma keyfiyyəti də çeşid bolluğuna adekvatdırmı?
“Alma-almaya bənzər” filmindən fraqment: “Əhsən! Sən Miçurisən! Berbanksan! Özüm ölüm, tutdu. Yaxşı, hay-küy salma, ay arvad. Bir toxta görək. Ağacı zəhərlədin, dinmədim. Qoymaram ki, uşaqları da zəhərləyəsən! Bunun nəyi ilə danışırsan? Kişi elmdə çevriliş edib”.
Elə geni modifikasiya olunmuş məhsullar da elmi tədqiqatların nəticəsi olaraq yaranıb. Bir zamanlar zarafat olaraq səsləndirilən fikirlər, indi bazarlarda və marketlərdə meyvə-tərəvəz formasında alıcılara təqdim edilir. Belə məhsullar əsasən xaricdən gətirilənlərdir.
Günay Bayramova- satıcı: “Ən çox xaricdən gələn portağaldır, nairingidir, armuddur. Türkiyə, İrandan meyvə-tərəvəzlər gəlir. Yenə də buna baxmayaraq alan var”.
Əsli Bəxtiyarova- satıcı: “Bunların da geni dəyişilmiş meyvələrdir. Qabaq yerli meyvələrimiz, Gədəbəydən, Şəmkirdən, Çaykənddən gəlirdi. İndi onların mövsümü qurtarıb. Qabaq bu meyvələr bu vaxta qalmırdı. İndi bunların hamısının geni dəyişdirilib”.
Qəndab Tağıyeva- satıcı: “Xarici meyvələrdən Pakistan, İran, Türkiyədən meyvələr gəlir. Kivi, ananas, banan xaricdən gəlir, tələbat da var”.
Görünüşü və təravəti ilə diqqət çəkən belə məhsulların alıcısı da var, keyfiyyətinə güvənməyib almayanı da.
Vaqif Məmmədov- alıcı: “Lazım olanda alırıq, qabığını soyuruq. Onda heç nə olmur, təsiri yoxdur. Onun nə varsa qabığındadır”.
Zülfü Bayramov- alıcı: “Yerli meyvə alıram, xarici meyvələri almıram. Onu pulsuz versələr də almaram. Həmişə yerli meyvəyə üstünlük verirəm. Həm onda dad, tam olur”.
Zabit Həşimov- alıcı: “Əlbəttə, yerli meyvəni bilirsən ki, öz məhsulundur, necə yetişib. Ancaq xaricdən gətirilən meyvənin mənbəyi bilinmir necə yetişib. Ona görə də yerli mallara üstünlük vermək lazımdır”.
Mütəxəssislər xaricdən gətirilən geni dəyişdirilmiş məhsulların satışını ona olan tələbatla əlaqələndirirlər. Yəni alıcılar belə meyvə-tərəvəzə maraq göstərdiyindən piştaxtalarda da rast gəlinir.
Hüseyn İdrisov- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Bazarda olan meyvələri qəbul eləmirəm. Çünki meyvə çürüməlidir, xarab olmalıdır. Əgər bu çürümürsə, xarab olmursa, bunu qəbul edəndə insan orqanizmini xarab edəcəkdir. Geni dəyişdirilibdir deyə, bu məhsullar belə qalır. Əgər bunun geni dəyişdirilməsə, təbii olsa, bu belə qala bilməz”.
Həkimlər də bu cür məhsulların orqanizmə təsirini qaçılmaz hesab edir.
Əli Quluyev- həkim-infeksionist: “Əgər orda olan zəhərli maddələr həddən artıq olarsa orqanizmə mənfi təsir göstərir. Xəstələrdə müxtəlif cür zəhərlənmə əlamətləri, qusma, ishal, müşahidə oluna bilər. Belə olan halda xəstələrin ilkin tibbi yardım kimi mədələri yuyulmalıdır, bağırsaqları təmizlənməlidir. Vəziyyəti ağır olarsa yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməlidir. Lazımi müayinə aparıldıqdan sonra xəstə müalicə olunmalıdır”.
Görünən odur ki, görünüşünə aldandığımız geni dəyişdirilən məhsulları alıb, evə aparmağa dəyməz. Çünki görünüşü aldadıcı olan meyvə-tərəvəz insanın görünüşünə mənfi təsir edə bilər. Sağlamlıq isə hər şeydən vacibdir.
Elnur Vahidoğlu
- Baxış: 113