Son vaxtlar Gəncədəki 8 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə baş verən insidentlərlə əlaqədar məktəblilərlə görüş keçirilib. Şəhər Baş Polis İdarəsinin və İcra hakimiyyətinin nümayəndələri psixoloqlarla bərabər məktəbliləri xoşagəlməz hadisələrdən uzaq durmağa çağırıblar. Baş verə biləcək münaqişələrin səbəb olacağı fəsadlar barədə onları maarifləndiriblər. Aparılan söhbət zamanı bu işdə məktəb-ailə əməkdaşlığının, psixoloji mühitin sağlam olmasının əhəmiyyətinə toxunulub. Şagirdlərin təhsilə köklənməsini artırmaq üçün əlavə tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib. Belə addımlardan biri də mütaliədir ki, bu məqsədlə də məktəbin şagirdlərinə yerli və xarici yazarların yeni nəşrləri hədiyyə edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə belə bir yanaşmanın olmasının kitaba olan marağı artırmağı hədəflədiyinə diqqət çəkib.
Ömər Əlizadə- şagird: “Bu kitablardan biri də mənə hədiyyə olundu. Mən xarici dildə kitab oxumağı çox sevirəm. Bu kitabı oxuyub, bitirdikdən sonra sinif yoldaşlarıma da verəcəm”.
Anar Qədiməliyev- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri: “Uşaqlar kitab oxusunlar. Valideynlər uşaqlarına kitab oxusunlar. Evdə uşaqların kitabxanası olsun. Beləcə oxumağın vacibliyini, kitab oxumağın mədəniyyətini daha da formalaşdırmaq, inkişaf etdirmək niyyətindəyik”.
Nofəl Fərzəliyev- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin hüquqşünası: “8 nömrəli məktəblə yanaşı, biz digər məktəblərdə də görüşlər təşkil edirik. Ümid edirik ki, bu cür görüşlərin nəticəsi olaraq şagirdlər özləri üçün səmərəli və daha yaxşı yol seçəcəklər”.
- Baxış: 134