• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2373
— 26.01.2024 20:11

Aqrar sığorta fermerlərə nə qazandırır?

KepezTV Player

Qış fəslində, ən əsası da bu il yanvar ayında müşahidə olunan qeyri-sabit hava şəraiti meyvə bağlarında şaxtavurma hallarını artırır. Belə olan halda donvurma nəticəsində məhsul dövrü barvermə qabiliyyəti aşağı düşür. Soyuq fəsildə bitkilərlə bağlı digər risklər də var ki, bunu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə sığortalamaq olar. Bu, Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilir. Şəmkirin Ağlavaşlı kəndində ötən il üzüm bağına xəstəlik düşdüyü üçün məhsul götürə bilməyən fermer Aqşin Fərəcli də bu imkandan istifadə edərək təsərrüfatını sığortalamağı düşünür.

Aqşin Fərəcli- fermer: “10 ildən artıqdır bağçılıqla məşğulam. 2 hektar üzüm bağıdır, 1 hektar 40 sot meyvə bağıdır. Havaların qeyri-sabit keçməsi ilə əlaqədar narahatlığımız var. Fikirləşirik ki, aqrar sığortaya müraciət edək. Keçən il xəstəliklə bağlı üzüm bağımızda problem yarandı, məhsul götürə bilmədik. Dövlət də bu yöndə işlər həyata keçirir. Fikirləşirik ki, sığortaya müraciət edək. Ötən il eşitdiyimizə görə, Şəki rayonunda fermerlərə Aqrar Sığorta Fondu tərəfindən dəstək olunub. Bunu eşitdik, biz də həvəsləndik ki, biz də müraciət edək. Fikrimiz var ki, bağlarımızı sığorta edək”.

Heyvandarlıq sahəsində isə bu il sığorta xərcləri daha uyğun qiymətə başa gələcək. Çünki fond tarifləri fermerlər üçün daha əlçatan etməyə çalışaraq, aşağı salıb. Belə ki, indiyədək qiyməti 1000 manat olan mal-qaranın 1 illik sığortası 30 - 47 manata başa gəlirdisə, hazırda həmin sığorta fermerlərə 26-41 manata təklif olunur. Xırdabuynuzlu heyvanlara gəlincə...

Heyvandarlıq sahəsində Aqrar Sığorta Fondu tərəfindən əvvəllər 300 manat dəyərindən olan xırdabuynuzlu heyvan 9-14 manat arasında sığorta olunurdu. Yeni dəyişikliyə əsasən isə xırdabuynuzlu heyvanların sığorta haqları tariflərin aşağı düşməsi səbəbindən 7-12 manat arasında olacaq.

Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı daha da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.

Knyaz Məhərrəmov- fermer: “Mən uzun müddətdir heyvandarlıqla məşğul oluram. Dolanışığımız bundan çıxır. Hazırda 12 baş heyvanım var, 4-5-ni də satmışıq. Bu yaxınlarda eşitdim ki, heyvanların sığortalanması tarifləri aşağı endirilib. Elə ona görə də bu fürsətdən istifadə edib heyvanlarımızı sığortalatdırardım. Ümumiyyətlə heyvanların sığortalanması düzgündür. Hər cür hadisə baş verə bilər. Zəhərli otlardan zəhərlənə bilər. Xəstəlik ola bilər. Bunun üçün heyvanları sığortalatmağa meylliyəm”.

Səfixan Quliyev- fermer: “Heyvandarlıq belə bir şeydir ki, burada tələfat da ola bilər, yaxşı mənfəət də götürə bilirik. Amma bunun sığortası büdcəmizə uyğun olmadığı üçün elətdirə bilməmişik. İndi eşitmişik ki, sığortanın qiyməti bir az aşağı düşüb. Ona görə də maraqlanırıq ki, biz də sığortadan yararlanaq. Tələf olan heyvanlarımızın sığortasını dövlət qarşılasın və biz də öz itkilərimizi onunla təmin edək”.

Elşən Mehdiyev- fermer: “Aqrar sığortanın tariflərinin aşağı düşməsi haqda məlumat verildi. Biz də istəyirik təsərrüfatımızı sığortalayaq. Xırdabuynuzlu heyvanların sığortasından da məlumatımız var. Gələcəkdə xəstəliklər nəticəsində müəyyən tələfatlar olarsa, bu, çox gözəldir. Bu ildən də tariflər bildik ki, aşağı düşüb, biz də bu tariflərdən yararlanmaq istəyirik”.

Bəs təsərrüfatlarını sığortalayan fermerlər hansı üstünlük əldə edirlər? Dövlət tərəfindən onlara hansı formada dəstək göstərilir?

Valeh Əsədov- Aqrar Sığorta Fondunun Şəmkir filialının rəhbəri: “Təsərrüfatını sığortalayan fermerlər digər fermerlərlə müqayisədə çox şey qazanmış olurlar. Belə ki, onlar ilk olaraq dövlət dəstəyi mexanizmindən yararlanmış olurlar. Nəzərinizə çatdırım ki, aqrar sığortada sığorta haqqının 50 faizini dövlət ödəyir və bu üstünlükdən yararlanan fermerlər öz təsərrüfatlarını tam həcmdə sığorta etdirə bilirlər. Yəni bu gün öz təsərrüfatına zərər dəymiş fermer, tam şəkildə ona dəymiş zərər məbləğlini aqrar sığorta vasitəsilə konpensasiya edə bilir. Bu da onun kənd təsərrüfatı ilə məşğul olmasına bir stimul yaradır. Həm də ki sığortaya inam yaranır”.

3 ildir tətbiqinə başlanan aqrar sığorta ötən il dəyən ziyana görə fermerlərə 4 milyon manata yaxın ödəniş edib. Bu da 2021-2022-ci illərlə müqayisədə 2 dəfə çox deməkdir.

Orxan Cəfərzadə