İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bu müjdəni mən bu gün onlara vermək istəyirəm. Bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib, keçmiş köçkünlərin sərəncamına veriləcəkdir. Eyni zamanda il ərzində Xocalı sakinləri öz evlərinə qayıdacaq və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”.
Müəllim: “Salam uşaqlar. 31 dekabrda hörmətli prezidentimiz çıxışında qeyd etdi ki, Xankəndi və Xocalı sakinləri 2024-cü ildə öz doğma yurdlarına qayıdacaqlar. Bunu eşidən hər bir Xocalı və Xankəndi sakini yaşamağa bir daha ruhlandı. Prezidentimizə bir daha minnətdarıq”.
44 ildir riyaziyyat müəllimi işləyən Xankəndi sakini Xudayar Quliyev bu ilin ilk dərs günündə öz sevimli şagirdlərinə ali baş komandanın sevincli xəbərini çatdırmaqda qürurludur. Deyir, 30 ilə yaxın idi bu xəbərin həsrəti ilə yaşayıb, sevincini yaşamağı arzulayıb. Hər dəfə bu xəbəri sinif otağna daxil olarkən şagirdlərə çatdırmaq istəyib.
Xudayar Quliyev- Xankəndi sakini: “Qayıdış xəbərini eşidəndə bizim sevincimizin həddi-hüdudu olmadı. Həddən artıq sevindik. Mən, buna qəti inanırdım. Bu gün də sübut olundu ki, prezident dediyini elədi. O deyirdi ki, nəyi nə zaman edəcəyimi bilirəm. Hörmətli prezidentimizə sonsuz xoş arzularımızı bildiririk”.
Mirzəyevlər ailəsi də Xankəndiyə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Evin ağsaqqalı Yaqub dayı ailəsi ilə ora qayıdacağı bildirir. 6 nəvəsi olan Yaqub kişinin 4 nəvəsi musiqinin sirlərini öyrənir. Balaca Raulun tarda ifası isə onu Xankəndidəki günlərinə qaytarır.
Yaqub Mirzəyev- Xankəndi sakini: “Xankəndinə qayıdanda nəvələrimi başıma yığacam. Bu şəkili də təxəyyüllə demişəm, nəvələrim çəkibdir. İkimərtəbəli evim olubdur. Məşhur ustalar tikibdir. Mənim evim Əsgərandan, Şuşadan görünür. Bütün ermənilər də bilirdi ki, o yüksəklikdə yerləşən azərbaycanlı evidir”.
Elhamil Rüstəmov- Kərkicahan qəsəbə sakini: “Cənab prezidentin çıxışını eşidəndə ki, Kərkicahan qəsəbəsinə bu ilin sonuna kimi əhali köçürüləcək, çox böyük fərəh hissi, çox böyük sevinc hissi keçirdik. Ömrümüzün çoxu gedib, azı qalıbdır. Allah qismət etsin, bircə gün olsa belə yurdumuzu, qəbiristanlıqlarımızı ziyarət edək”.
"Xocalının səsi" qəzetinin kollektivi də bu ilin ilk yeni nəşrinə daha sevincli hazırlaşırlar. 33 ildir çap olunan qəzetin bu il üçün ilk buraxılışının baş xəbəri də məhz ölkə başçısının sevindirici xəbəri ilə bağlıdır. Qəzet kollektivi də rayonla bağlı xəbərləri elə Xocalıdan çatdırmağa səbirsizlənir.
Qalib Quluyev- Xocalı sakini: “Rayonumuzun yeganə mətbuat orqanının redaktoru kimi bu xəbəri sevinclə qarşıladım. Çünki, ən böyük arzumuz yerinə yetdi. Biz həmişə arzu edirdik ki, “Xocalının səsi” qəzeti inşallah, doğma torpağımızda, doğma Xocalımızda işıq üzü görər. Çox şükür, biz bu arzuya çatdıq. Artıq bizim qarşımızda yeni missiya var. Xocalıda aparılan quruculuq, abadlıq işlərini, qayıdışımızı işıqlandıraq. Çox şükür, Allah o günləri bizə nəsib elədi”.
Bu gün bütün Azərbaycan xalqı şükür edir. Ölkə tamdır, Qarabağlıdır. Bayrağımızın işğaldan azad edilən bütün torpaqlarda dalğalanmasının qüruru, sevinci və fərəhi yaşanır.
Elnur Vahidoğlu
- Baxış: 123