Gəncə Azərbaycanın qədim tarixə malik olan şəhəridir. İgidlər, qəhrəmanlar diyarı, məğrur Gəncənin adı 4 min illik tarixində dəfələrlə dəyişdirilib. Qədim Gəncə adını sənədlər üzərində siliblər, ancaq onu gəncəlilərin yaddaşından, ürəyindən silib atmaq mümkün olmayıb. Nə Abbasabad, nə Yelizavetpol, nə də Kirovabad doğma Gəncə sözünü unutdurmayıb. Şəhərin adı xalqın ziyalılarının təkidi ilə 34 il öncə yenidən özünə qaytarılıb. Bu hadisə həm də tariximizin, qan yaddaşımızın müəyyən hissəsinin yenidən bərpası deməkdir.
Nüşabə Məmmədli - Əməkdar jurnalist: Azərbaycan jurnalistlərin qurultayı idi. Onda Moskvadan da Mərkəzi Komitədən Kremildən nümayəndə var idi. Bütün respublika rəhbərliyi orda idi. Məndə reyasət heyyətində idim. Fikirləşdim ki, əlimə bir də elə fürsət düşməyəcək. İçimdə ağrıyan nə idi mən də onu dedim ki, şəhərin adı tarixdən silinibdir yoxdur. Gəncə adını yenidən qaytarmaq lazımdır.
Nəhayət 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. Ancaq bundan öncə, yəni 1980-ci ildə isə məhz Ulu Öndər Heydər Əliyevin təkidi ilə Gəncə şəhəri iki rayona bölünüb. Rayonlardan biri Kəpəz, digər isə Gəncə adlandırılıb.
Bəxtiyar Məhərrəmov - tarixçi: Real təşəbbüs Heydər Əliyev cənabları tərəfindən o zaman Həsən Həsənov Gəncənin birinci katibi olarkən həyata keçirildi. O zaman belə bir məsələ var idi ki, Gəncənin əhalisinin artması səbəbi ilə Gəncə rayonlara bölünməli idi. Gəncə rayonlara bölünəndə Heydər Əliyev cənabları tərəfindən təşəbbüs irəli sürüldü ki, heç olmasa sənədlərdə Gəncə adı işlənsin. Gəncədə böyük mitinq keçirildi Gəncə bölünəndə inzibati ərazi bölgüsü kimi Yeni Gəncə qəsəbəsi yaradıldı, sənədlərdə belə getsin.
Qədim Nizami yurdu indi əbədi olaraq doğma Gəncə adı ilə çağırılır. Yeni intibah dövrünü yaşıyan Gəncə elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında da tanınır. Qədimliyi və müasirliyini qoruyan Gəncə bura gələn qonaqlarını da özünə heyran edir.
Elnur Rzayev
- Baxış: 210