• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 21.12.2023 16:09

Prezident və birinci xanım tarixi oyunda

KepezTV Player

Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Dövlətimizin başçısı qarşılaşmadan əvvəl stadionda çıxış edib. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildiyini deyən Prezident oyunun Xankəndidə təşkilinin çox böyük mənasının olduğunu bildirib. 

İlham Əliyev- Azərbaycan Prezidenti: “Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq. Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!”

Sonra stadionda Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

Dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib. 

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”– MOİK görüşü başlayıb.

Oyunun nəticəsinə gəlincə, matç Ağdam klubunun minimal hesablı qələbəsi ilə nəticələnib. 90+5-ci dəqiqədə Nəriman Axundzadə komandasının qələbə qoluna imza atıb. “Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.