Ağdam sakini: “Ağdam alındı, biz çıxmalıydıq. Fikirləşdim, evimdən nə götürüm? Dolu evimdən heç nə götürə bilmirdim. Qardaşım 1978-ci ildə iki dənə hədiyyəni mənə toy günü almışdı. Özü də rəhmətə getmişdi. Bu iki dənə hədiyyəni götürdüm, 30 il də özümlə hərləyirəm. İndi ümidim var, tezliklə Ağdama qayıdaq, evim olsun, bu iki hədiyyəni də ora qoyam.
Düz 30 il ürəklərdə həsrət, gözlərdə nigarançılıqla gözlənilib Ağdamın işğaldan azad edilməsi. Nəhayət, Vətən müharibəsindən sonra Ağdam noyabrın 20-i 2020-ci ildə azadlığına qovuşdu. Artıq 3 ildir ki, gecələr yuxularda, gündüzlər xəyallarda canlanan Ağdam öz əzəli sahiblərinə qovuşub. Elə Muradovlar ailəsi də Ağdam muradına çatan digər soydaşlarımız kimi sevinclidirlər.
Oruc Muradov- Ağdam sakini: “Ağdam bizim yadımızda doğulduğumuz gündən, işğal olan günə kimi kino lenti kimi gözümüzün qabağından gəlib keçir. Ağdam barlı-bərəkətli torpaq idi. Ağdam düşmənin əlində qalmalı yer deyildi. Allaha şükür də qalmadı. Prezidentə minnətdaram, Allah onun canını sağ eləsin. Ona görə ki, biz 200-300 ildə görünməyən qələbəni gördük. Sevincimizin də həddi-hüdudu yoxdur. Evlər tikiləcək, biz yenə də öz vətənimizə gedəcəyik”.
Pəri Muradova- Ağdam sakini: “Ağdamın hər bir şeyi yadıma düşür. Hər gün poliklinikanın yanından məktəbə gedirdim. Uşaqlar gözləyirdi, direktor deyirdi ki, gecikməyin. Ağdama qayıdanda, ancaq nəvələrimi götürüb, oranı gəzmək istəyirəm. Uşaqlar oranı görməyib, onlara deyəm ki, bura belə deyil, başqa cür idi, indi belədir. Tez-tez televizorda göstərirlər, baxırıq ki, haranı təmir edirlər, ev tikirlər, düzəldirlər. Axşam gəlib desələr ki, Ağdama gəlirsən, uşaqları da başıma yığıb, gedəsiyəm”.
Bir vaxtlar Ağdamda həkim işləyən Bayram Pərdəşünas da Ağdama qayıdacağı günü səbirsizliklə gözləyənlərdəndir. Deyir, indi Ağdama qovuşmağımızın bir addımlığındayıq. Həmişə xəyalında qurduğu doğma yurd, indi addım-addım qurulur, özü də qayıdıb həkim kimi fəaliyyət göstərməkdə qərarlıdır.
Bayram Pərdəşünas- Ağdam sakini: “Təcili yardımda həkim vəzifəsində işləyirdim. Müharibənin qaynar nöqtələrində olmuşam. Xocalı hadisələrində olmuşam, yaralıları oradan çıxarmışam. 30 ildən sonra işğaldan azad olmaq məni çox sevindirdi. Sevincimizin həddi-hüdudu yoxdur. Ali baş komandana minnətdarlığımızı bildiririk, Allah onun canını sağ eləsin. Səbrlə gözləyirəm, bizim də növbəmiz çatsın. Qayıdaq öz torpağımıza, mən də həkim kimi xalqıma xidmət edim”.
Gəncədə müvəqqəti məskunlaşan Ağdamlılar ata-baba yurdlarına qaydacaqları günü gözləyirlər. 30 illik işğal dövründən sonra darmadağın edilən və yenidən qurulan Ağdama. Həmin gün isə onların qapılarının astanasındadır.
Elnur Vahidoğlu
- Baxış: 254