• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 19.11.2023 20:27

Evini şəhidlərin muzeyinə çevirən qadın

KepezTV Player

Evini muzeyə çevirən Elnarə Tağıyeva, 1-ci Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin kombinatında çalışıb. Müharibəyə yollanan əsgərlərin bəzilərinin geri dönməməsi onda dərin izlər buraxır. Ürəyindəki iztirab Elnarə xanımın ideyasını formalaşdırıb. Qəhrəman oğulların xatirəsini əbədiləşdirmək üçün evini muzey etmək kimi.

Elnarə Tağıyeva- muzeyin təsisçisi: “Gəncəbasardan olan bütün hərbi hissələr bizim kombinata paltar gətirirdilər. Biz, cəbhəni təmiz paltarla təmin edirdik. Müharibənin ağır vaxtları idi. Demək olar bir gələn əsgər, bir də gəlmirdi. Mən maraqlandım ki, bəs filankəs hanı, deyirdilər minaya düşdü, tara düşdü, şəhid oldu. Mən də düşündüm ki, müharibə qurtarandan sonra kim öldü-kim qaldı, biz bu qələbəni kimlərin sayəsində qazandıq bilinməyəcəkdi. Gəldim evdə məsləhətləşdim, otağımızın birini ayırdıq muzey üçün. Hər gələn əsgərə deyirdim ki, ürək sözlərini yaz. Elə də olurdu ki, Gəncəyə şəhid gətirirdilər. Onların nəsə yazmağa halları olmurdu. Onlar qollarından saatı çıxarıb verirdilər ki, adımızı yaz, qoy muzeyə. Yavaş-yavaş 1 otağımız doldu. İndi artıq 3 otağımızı muzey eləmişik”.

Elnarə Tağıyevanın uzun illər ərzində muzeyə çevirdiyi evində 1200-dən artıq şəhidin xatirəsi qorunur. Hətta Milli Qəhrəmanlarımızın əşyaları da...

Elnarə Tağıyeva- muzeyin təsisçisi: “Bunlardan biri də Mübariz İbrahimovdur. Getdik, anası ilə görüşdük. O, çamadanı açaraq Mübarizin papağını bizə hədiyyə elədi. Burda papağı çevirəndə bunun içində gördüm ki, Mübarizin saçlarından var. Belə bir löhvə düzəldərək vurdum”.

Elnarə Tağıyevanın Azərbaycanın hər bir bölgəsinə özü gedərək, şəhid ailələri ilə görüşüb və onlara aid əşyalardan birini muzeyə eksponat kimi gətirməsi, sözün həqiqi mənasında alqışa və təqdirəlayiqdir. Ən diqqətçəkən məqam isə şəhid Zaur İsmayılzadə ilə bağlıdır. O, şəhadətə ucalmamışdan öncə Elnarə xanımla əlaqə saxlayaraq, öz şəklini göndərir və deyir ki, şəhidlərin guşəsində yerləşdirin.

Elnarə Tağıyeva- muzeyin təsisçisi: “O mənə “İnstagram”da yazdı ki, mən şəhid olandan sonra istəyirəm ki, mənim şəklimi də muzeyə qoyarsız. Hətta özünün bir şəklini də atdı mənə ki, mən şəhid olduqdan sonra mənim bu şəklimi yerləşdirərsiz. Az bir vaxt keçdi. Vətən müharibəsi başladı. Döyüşlərdən birində şəhid oldu. Mən sonra onun anasını axtarmağa başladım. Sevil xanımı axtardım, tapdım. Dedim ki, muzeyə qoymağa görə Zaurun əşyası lazımdır. Sevil xanım poçt vasitəsilə əvvəlcə Zaura məxsus olan əşyaları göndərdi, 2 həftədən sonra da özü gəldi”.

Muzeydə Azərbaycan hərbiçilərinə aid olan əşyalarla yanaşı, müharibədə əşyalarını atıb qaçan ermənilərə aid qənimətlər də yer alır.

Elnarə Tağıyeva- muzeyin təsisçisi: “Muzeyimizə universitetlərdən tələbələr, məktəblərdən şagirdlər gəlir. Biz onlara əyani sürətdə qələbəmizi başa salanda bunları göstərərək deyirik ki, ard-ardınca torpaqlarımız işğaldan azad olunduqca, bayrağımız yüksəldikcə ermənilər onlara aid olan hər şeyi qoyub qaçırdı. Bu da bizim qələbəmizdən xəbər verən xüsusi bir lövhədir”.

Elnarə Tağıyeva dastanlara sığmayan qəhrəmanlıqları öz ocağına sığdırıb. Yığılan xatirə əşyaları, danışan şəkillər isə bu ocağı ev olmaqdan çıxarıb, məbədə çevirir. Düşündükcə fərqinə varırıq ki, bu torpağı uğrunda ölən o oğullarla birgə, onlar üçün yaşayan qadınlar da Vətən edir!!!

Aişə Rzayeva