Bu cür saytlarda sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur. Cərimələri olan şəxslər də buna aldanır, sayta daxil olur, kart məlumatlarını yazandan sonra isə hesabdakı pullar silinir. Fırıldaqçılar o qədər peşəkar işləyir ki, hətta saytda "Protokol seriyası"nı yazan zaman həqiqətən protokol üzrə bilgilər də görünür. Belə olduqda isə sürücülər saytın etibarlı olduğunu düşünür. Elə müsahibimiz Anar Əliyev kimi.
Anar Əliyev- sürücü: “3 ay bundan əvvəl sürət həddini aşdığıma görə cərimə gəlmişdi. Kartla ödədim. Sistemə oturmadı. Getdim, təkrar poçtla ödədim. Ən yaxşısı, etibarlısı elə poçtdur”.
Belə saytlar insanları rahat aldatmaq üçün paylaşımının şərh bölməsində saxta rəylər də yazırlar. "Bəli, ödədim, endirim oldu", cümlələri ilə fikir formalaşdırır, daha çox qurban tapmaq üçün iş görürlər. Ona görə də daha diqqətli olmaq lazımdır. Sorğu sırasında digər sürücülər də bu cür neqativ halların baş verməsindən xəbərdar olduqlarını bildirdilər.
Oruc Məmmədov- sürücü: “Mənim saytdan başım çıxmır. Poçtdan yaxşısı yoxdur, aparıb verib, sildirirəm. Təzə çıxıb, deyir, aldadırlar. Mənim bir dostumu da belə bir şeydə kartına atdılar. Yazığı aldatdılar, 30 manatını aldılar”.
Polad Yarəhmədov- sürücü: “Bu haqda məlumatımız var. Bunu televiziya da, mətbuat da deyir. Dələduzlarla bağlı. Ona görə etibar eləmirəm. Milliönlə, poçtla aparıb, özüm ödəyirəm. Onlayın istifadə eləmirəm”.
Pərvin Hacıyev- sürücü: “Öz kartımla girirəm. Ordan da rəsmi qaydada ödəyirəm. Başqa heç bir sayta girmirəm”.
Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və dələduzluq məqsədilə yaradılıb. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Araşdırmalar zamanı görünür ki, daha çox xarici dövlətlərdə yaradılan bu saytalar və səhifələr vətəndaşların şəxsi və bank kartları məlumatlarını əldə etmək niyyəti ilə yaradılıb. Hazırda bununla bağlı araşdırmalar həyata keçirilir. Vətəndaşlardan da xahiş olunur ki, yalnız etibarlı və daha çox tanınan ödəmə vasitələri ilə hökumət ödənişlərini həyata keçirsinlər”.
Xatırladaq ki, dövlət ödəmə sistemlərinin saytları "gov.az", Azərbaycanda fəaliyyət göstərən onlayn ödəmə saytları isə "az" sonluğu ilə bitir. Hər birinin faktiki qeydiyyat ünvanı var.
Aişə Rzayeva
- Baxış: 321