Növbəti il keçiriləcək qəbul imtahanlarına tarix fənnindən, 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağda lokal xarakterli antiterror tədbirlərinə dair tapşırıqlar salınacaq. Mövzunun vacibliyi nəzərə alınaraq imtahana bu xüsusda 2-3 sual salınacaq.
Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Zəfər günü ilə bağlı qəbul imtahanlarında proqramlarda artıq bu tərtibli suallar istifadə edilirdi. Və bu il də 2024- cü ildə keçiriləcək qəbul imtahanında tarix fənni üzrə 2 və 3-cü ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında Zəfər Günü ilə bağlı və eləcə də antiterror əməliyyatı ilə bağlı suallar istifadə olunacaqdır. İllərlə gözlədiyimiz bir zəfərlə bağlı təbii ki, biz DİM olaraq apardığımız qəbul imtahanlarında tarix fənni üzrə olacaq suallarda bu tip suallardan istifadə etməliyik”.
DİM-dən həmçinin bildirilib ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən, qeyd olunan faktlara dair bilgilər almayıblar. Amma bununla belə qurumun rəsmi internet səhifəsində hansı tipli sulların olacağı ilə bağlı məlumat əldə edilə bilər.
Nahit Hacıyev- abituriyent: “3-cü qrupa hazırlaşıram. Hazırlaşdığım fənnlər arasında tarix fənni də var. Tarix fənninə əlavə olunan yeni suallar 44 günlük müharibə haqqındadır. Bu suallar bizim üçün rahatdır. Çünki biz, bu müharibə ilə bağlı olan sualların demək olar ki, çoxunu bilirik. İmtahanı asanlıqla yazacağımıza inanırıq. Və bunları bilmək hər kəsin borcudur”.
Aysel Abbasova- abituriyent: “2-ci qrup üzrə hazırlaşıram. Hazırlaşdığım qrupda tarix fənnində olan yeni suallarla tanışam. Hazırlıqda da bu sualları keçirik. Bu saullar içərisində bu il olan antiterror haqqında da var. Bunun düşməsi bizim üçün yaxşıdır”.
Tarix müəllimi Hökmran Qocayevin sözlərinə görə, xüsusilə qəbul imtahanlarında Azərbaycanın qazandığı Tarixi zəfərlə bağlı sualların olması müsbət haldır. Bu, məktəblilərin yeni tariximizlə bağlı daha da məlumatlı olmasına səbəb olacaq. Növbəti illərdə isə dərsliklərə də salınacaq.
Hökmran Qocayev- tarix müəllimi: “Son baş verən hadisələr məlum məsələdir ki, növbəti illərin tədris illərində xüsusi hadisələr kimi dərsliklərə salınır. Bu baxımdan xüsusilə lokal antiterror əməliyyatları Azərbaycan Respublikasının son uğurlarının demək olar ki, ən parlaq, ən mühüm hissələrindən oldu. Bu baxımdan bu da dərsliklərə salınacaq və inanırıq ki, növbəti illərdə bu mühüm hadisələri də bütün gələcək nəsillərə öyrətmək üçün dərsliklərdə görəcəyik”.
Materiallar həm də 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Aişə Rzayeva
- Baxış: 299