Gəncənin 16 nömrəli orta məktəbində tarix müəllimi işləyən və Vətən müharibəsində şəhid olan Rəşad Məmmədovun son arzusu reallığa çevrilib. Qələmi silaha dəyişərək müharibəyə könüllü yollanan Rəşad Məmmədov, şagirdlərinə Şuşadan Zəfər bayrağını gətirəcəyinə söz vermişdi. Lakin elə Şuşanın azadlığı uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığından istəyinə çata bilmədi. Onun bu arzusunu anası Rəfiqə Süleymanova reallaşdırıb. Şuşadan üçrəngli şanlı bayrağımızı bir vaxtlar oğlunun işlədiyi orta məktəbə gətirərək, kollektivə təqdim edib.
Rəfiqə Süleymanova- şəhidin anası: “Bu bayrağı o çatdıra bilmədi. Demişdi, Şuşanı gəzdirəcəm. Ancaq elə oldu ki, noyabırın 8-i şəhid oldu. Öz arzusuna çata bilmədi. Mən də bir ana kimi fikirləşdim ki, onun arzusu var idi, onun arzusunu mən yerinə yetirim. Bayrağı Şuşanı gəzdirib gətirdim, məktəbə verdim”.
Nail Əliyev- şagird: “Rəşad müəllim mənim tarix müəllimim olubdur. Rəşad müəllim bizim yaddaşımızda əsil tarixçi kimi qalıbdır. Çünki Rəşad müəllim tarix müəllimi kimi həm öz fənnini sevirdi, həm də sevdirirdi. O, həm də tarixin bir hissəsi oldu. Rəşad müəllim bizə demişdi ki, mənim ən böyük arzum Şuşanı azad edib, Şuşadan Azərbaycan bayrağını gətirib sizə təqdim etməkdir. Bu arzunu onun anası Rəfiqə xanım yerinə yetirdi. Bizim üçün çox böyük qürur və fəxr hissidir”.
Elnur Rzayev
- Baxış: 271