• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 06.11.2023 19:39

Amputant futbolçular qitə birinciliyində iştirak edəcəklər

KepezTV Player

Fransada keçiriləcək Avropa çempionatına lisenziya qazandıran Millətlər Liqasındakı mübarizədə Nizami yurdundan olan Hüseyn Hüseynov komandamızın uğuru üçün çalışıb. “Kəpəz” futbol klubunun nəznində fəaliyyət göstərən amputant futbolçulardan ibarət komandanın üzvü keçirdikləri oyunların hamısında meydanda olub. D qrupunda mübarizə aparan millimiz Albaniya, Şotlandiya və Kosovadan üstün olaraq Qitə birinciliyində mübarizə aparmaq haqqı əldə ediblər.

Hüseyn Hüseynov- millinin üzvü: “Oyun əsnasında heç bir rəqibi zəyif düşünmək olmaz. Hər şeyə ciddi yanaşmaq lazımdır. Hər şey məşqdən asılıdır, komandanın yaranma müddətindən asılıdır. 2018-ci ildən bu komandanın tərkibində fəaliyyət göstərirəm. Orada elə komandalar vardı ki, 1 ildir yaranmışdı. Hollandiya millisi bizdən daha öncə yaranmış komandadır. 3 qələbəmiz oldu, 1 məğlubiyyət yaşadıq”.

İşğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət komandamız Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 komandanın mübarizə aparacağı final mərhələsində Dünya çempionu Türkiyə ilə yanaşı İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclülər iştirak edəcək.

Hüseyn Hüseynov- millinin üzvü: “İnşallah gələcəkdə bundan yaxşı uğurlarımız olacaq. 1 oyunda uduzmaq bizim üçün ruhdan düşmək, həvəsdən düşmək deyil. Məqsəd qoymaq lazımdır ki, biz ondan da yaxşı oyunlar, yaxşı rəqiblər görəcəyik və qələbə qazanacayıq.   Qarşıda hələ bizi çox yarışlar gözləyir. Avropa çempionatından öncə məqsədimiz Dünya çempionatına çıxmaq, orada Azərbaycanı layiqincə təmsil etməkdir”. 

Komandamızın Millətlər Liqasında iştirakı ANAMA və AFFA arasında bağlanılmış qarşılıqlı anlaşma memorandumu əsasında təşkil olunub. Məqsəd minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin edilməsidir. 

Ramin Paşaye