• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1702
— 07.10.2023 20:06

Sağlamlıq turizmi ilə bağlı beynəlxalq konfrans başlayıb

KepezTV Player

Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb. Konfransa 8 ölkədən 20-dən çox əcnəbi qonaq, 100-ə yaxın iştirakçı qatılıb. İlk gün qonaqlar Heydər Əliyev parkının ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər. Ardınca konfransa gələnlər dünyada müalicəvi xüsusiyyətlərinə görə unikal Naftalan nefti ilə yaxından tanış olublar.

Bundan başqa, Naftalanın Qaşaltı Qaraqoyunlu kəndi ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanışlıq olub, qazıntılar zamanı aşkar edilmiş eksponatlar nümayiş etdirilib. Daha sonra isə kənd ərazisindəki Nar bağına baxış keçirilib, qonaqlara kəndin turizm potensialı haqqında ətraflı məlumat verilib.

Linas Urmanaviçius- Litvanın Druskinika şəhərinin vitse-meri: “Təəssüratlarım çox yüksəkdir. Naftalan kifayət qədər populyar turizm şəhəridir. Burada yaxşı potensial var. Gələcəkdə mənim fəaliyyət göstərdiyim Druskinika ilə Naftalan arasında qarşılıqlı əməkdaşlıq etmək xoş olardı. Vilnüslə Bakı arasında hava nəqliyyatı əlaqələri genişlənərsə, biz buraya daha çox turistin gəlməsi üçün təbliğat apararıq”.

Günün ikinci yarısında konfrans iştirakçıları işğaldan azad edilmiş Tərtərin Suqovuşan qəsəbəsinə səfər edərək, oranın turizm potensialı və ərazidə yenidənqurma və bərpa işləri ilə tanış olublar. Qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

Həmçinin, qonaqlar işğaldan azad olan Talış kəndini də ziyarət ediblər, orada sakinlər üçün yaradılan şəraitin şahidi olublar. Beynəlxalq konfrans iki gün davam edəcək.

Luts Lungvits- Almaniyanın Tibb Sağlamlıq Assosiasiyasının prezidenti: “Sağlamlıq turizmimim inkişafı üçün burada fəaliyyət göstəririk. İlk dəfədir ki, Suqavovuşandayam. Naftalandakı dostlarımız bizə müharibə haqda məlumat verdilər. Belə müharibələrdə həlak olan insanların xatirəsini yad etmək olduqca önəmlidir. Mənim gördüyüm qədərilə burada turizm üçün böyük imkanlar var və əminəm ki, siz bu əraziləri daha inkişaf etdirəcəksiz”.

Orxan Cəfərzad