• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 06.10.2023 20:08

Həkimlər insultun reabilitasiyasındakı yeniliklərdən məlumatlandırılıb

KepezTV Player

İnsult keçirən xəstələrin reabilitasiyası, bu sahədə elmi yeniliklər, praktik bacarıqlar Naftalanda müzakirə edilib. “İnsultun reabilitasiyası və elektrostimulyasiya" üzrə I regional təlimdə bu sahədə fəaliyyət göstərən həkimlər həm məlumatlandırılıb, həm da sualları cavablandırılıb. 

İnsult - ocaqlı və ya ümumi baş beyin nevroloji simptomlarının qəfil yaranması ilə xarakterizə olunan qan dövranının kəskin pozulmasıdır. Yaşlı əhali arasında əlilliyin və ölümün əsas səbəblərindən olan insult səhiyyənin mübarizə apardığı ciddi xəstəliklər sırasında yer alır. Buna görə də Səhiyyə Nazirliyi bu xüsusda həkimlər arasında mütəmadi olaraq təlimlər təşkil edir. Bekə təlimlərdən növbətisi regiondan olan tibb işçiləri üçün Naftalanda reallaşıb.

Sədaqət Hüseynova- Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru: “Bugünkü tədbirdə müasir nevroreabilitasiyasının aktual problemlərinə həsr olunmuş məruzələr təqdim olunur və bütün bu işlər Azərbaycanda nevroreabilitasiyanın, xüsusən insultun reabilitasiyasının təşkilinin həm mərkəzdə həm regionlarda yüksəlməsinə səbəb olacaqdır. Bu da insultdan əziyyət çəkən insanların əmək fəaliyyətinə qayıtmasına, əlilliyin azalmasına səbəb olacaqdır”.

"İnsultun reabilitasiyası və Elektrostimulyasiya” üzrə I regional təlimdə reabilitasiyanın məqsədinin pasiyentin fiziki və psixoloji funksional qabiliyyətlərinin mümkün dərəcədə bərpasına nail olmaqdan ibarət olmasına diqqət çəkilib. İnsult keçirmiş xəstələrin reabilitasiyasında mütəxəssis-reabilitoloqla yanaşı fizioterapevt, peşə reabilitasiyası üzrə həkim, psixoloq və sosial sahənin işçisinin də iştirakının əhəmiyyəti vurğulanıb. 

Nigar Nəzərli- Səhiyyə Nazirlinin səlahiyyətli nümayəndəsi: “Bu cür elmi konfransların aparılması ölkə üzrə bu səmtdə işləyən mütəxəsisləri tibb işçilərini elm işçilərini bir araya gətirir və burada müzakirələr fikir mübadilələri ən son araşdırmaları bölüşmək imkanı verir. Belə konfransların təşklili çox vacib və əhəmiyyətlidir. Səhiyyənin inkişafı üçün”.

Təlimdə insult keçirən xəstələrin müalicəsi istiqamətində Avropada təlim keçən həkimlər öz biliklərini paylaşıblar. Eyni zamanda belə xəstələrin reabilitasiyasında mühüm yer tutan elektrostimulyasiya növləri ilə bağlı fikirlərini bölüşüblər.

Mərziyə Məmmədova- nevroloq: “Məqsəd ondan ibarətdir ki, bizim institutda işlənib hazırlanan uzun illər tətbiq etdiyimiz elektrostimulyasiya və maqnitstimulyasiya metodikalarını geniş auditoriya həkimlərə aşılamaqdır”.

Təlimə Azərbaycanın müxtəlif bölgələrindən olan nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, tibb işçiləri olmaqla 100-ə yaxın iştirakçı qatılıb.

Aişə Rzayeva