• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2012
— 06.10.2023 20:04

Cəzasız qalmayan Gəncə terroru

KepezTV Player

Vətən müharibəsi zamanı Gəncə terrorunun 1 nömrəli səbəbkarı Arayik Arutyunyanın saxlanması təbii ki, ən çox raket hücumundan zərərçəkənlərin ürəyincə olub. Onlar böyük sevinc hissi ilə cinayətkarın həbsindən danışarkən, sanki o dövrdəki yaşadıqları kədəri xoşbəxtlik əvəz edirdi. Həmin insanlar hislərini televiziyamızla da bölüşüblər. 

Düz 3 il bundan öncə oktyabrın ilk günlərindən başlayaraq hərb meydanından kənarda yerləşən ölkənin ikinci böyük şəhəri Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə raket hücumuna məruz qalıb. Bu terror aktlarından sonra Arayik Arutyunyan efir vasitəsilə çıxış edərək utanmadan sanki qəhrəmanlıq edən biri kimi “əmri mən vermişəm” deyə, qürurlanırdı. Amma o, sonrakı aqibəti düşünmürdü. Bu gün artıq sözügedən cani dəmir barmaqlıqlar arxasındadır və bu, terrorda barmağı olanın cəzasız qalmayacağı deməkdir. Arayikin həbs olunması Nizami yurdundakı terror hadisələrindən əziyyət çəkənləri çox sevindirib. Onlar bununla qisaslarının tam  alındığını söyləyiblər.

Zərərçəkənlər həm 44 günlük Vətən müharibəsi dövründə, həm də sonuncu lokal antiterror tədbirləri zamanı ölkəmizin humanist mövqedə olduğunu, ermənilərdən fərqli mülki şəxslərin hədəfə alınmadığını deyiblər. Gəncəyə ayrı-ayrı vaxtlarda raket hücumları edilərkən 26 mülki şəxs şəhid olub, 175 sakin yaralanıb. Əlini bu günahsız insanların qanına batıranlar isə artıq Bakıda həbsdədilər və beynəlxalq hüquqa uyğun olaraq öz cəzalarını çəkəcəklər.