• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 06.10.2023 20:01

Şəmkirdə torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçirilib

KepezTV Player

Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarının birgə fəaliyyəti genişləndirilir. Şəmkirdə torpaq və əmlak idarəçiliyinə həsr edilən növbəti zona müşavirəsi qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə istiqamətlənib.

Kənd təsərrüfatı istehsalının artırılması, iqtisadi artıma xidmət edən məhsul istehsalının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması kimi məsələlərin prioritet olduğu hazırki dövrdə regionlarda məhsuldar torpaqlardan düzgün və səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Burada torpaq fondunun idarə edilməsi və mühafizəsinin müvafiq qurumlarla əlaqəli şəkildə təşkil etmək məqsədlərə nail olmaq baxımından önəmlidir.

İlqar Həbiyev- Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri:  “Torpaqların icarəyə verilməsi məsələləri, hüquqların qeydiyyatı məsələləri, qeyri-təyinatlı yaşayış binalarının tikilməsi elektron sistemlər vasitəsilə həyata keçirilməlidir və bu barədə tapşırıqlar var. Dövlət orqanları artıq bu sahədə ciddi tədbirlər görürlər. O cümlədən Əmlak Məsələləri Dövlət Xidməti. Kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə verərkən iki istiqamət önə çıxmalıdır. Əkin təyinatlı və heyvandarlıq təyinatlı məhsulların istehsalını biz durmadan artırmalıyıq və özünü təminetmə baxımından ölkəmizdə ciddi tapşırıqlar vardır ki, ölkəmiz son illər baş vermiş qlobal iqtisadi böhranlar, digər ölkələrdəki bu müharibə faktorları bizə bir daha diktə etdi ki, biz öz ölkəmizdə ərzaq məhsullarının istər kənd təsərrüfatı əkin məhsullarının, istər heyvandarlıq məhsullarının dayanıqlı şəkildə təşkilini həyata keçirməliyik, bu da torpaqdan və sahibkarlarımızdan başlayır”.

Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələrinin təyinatı üzrə istifadə olunmaması, qanunvericiliyin tələblərini pozulmaqla torpaqların əkin dövriyyəsindən çıxarılması və münbit qatının korlanması, yararlı əkin, örüş və otlaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün zəbt edilməsi aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsini vacib edir.

İlqar Həbiyev- Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri: “Əsas, dövlətə məxsus torpaqların, əmlakların idarə edilməsi sahəsində birgə əlaqələndirilmiş fəaliyyətin təmin edilməsi, mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilib, səmərəli şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Region torpaq ehtiyatı ilə kifayət qədər zəngin regiondur. İstər kənd təsərrüfatı təyinatlı torpaqlar, istər meşə fondu torpaqları baxımından. Və xüsusilə də kənd təsərrüfatı torpaqları burada xüsusi çəkiyə malikdir. Kənd təsərrüfatı təyinatlı torpaqlar həm təbii sərvət kimi, həm də iqtisadi resurs kimi, təbii ehtiyat kimi çox vacib əhəmiyyətə malikdir”.

2022-ci il və 2023-cü ilin 9 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 400-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Şəmkirdə torpaq və əmlak idarəçiliyinə həsr edilən növbəti zona müşavirəsində torpaq istifadəçiləri barədə 152 inzibati protokolun tərtib edildiyi, 75 min manata yaxın cərimənin tətbiq olunduğu vurğulanıb.

Pərvin Abbaszadə