Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib. Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub. Baş plana əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə uyğun olaraq ərazidə dörd bina inşa ediləcək. İnzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq.
Prezident şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir.
Azərbaycan Prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib. 2022-ci il oktyabrın 19-da təməli qoyulan mərkəz yüksək səviyyədə inşa olunub. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək.
Prezident İlham Əliyev Zəngilan rayonunda da olub. Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib. “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Zəngilan kəndinin təməlini qoyub. Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub. Sonra dövlətimizin başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.
- Baxış: 253