Azərbaycan Ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib. Qardaş ölkənin rəhbəri bildirib ki, 30 il əvvəl Qarabağın işğalı zamanı baş verənlərlə işğal altındakı torpaqlar azad edildikdən sonra baş verənlər arasında böyük fərq artıq yaddaşlara həkk olunub. "Tədbir nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndirildi", - deyə Ərdoğan vurğulayıb. Türkiyə lideri qeyd edib ki, Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub. "İndi Xocalıda kim var? Xocalının əsl sahibləri. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq vaxtıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - deyə, Ərdoğan əlavə edib. Prezidentin sözlərinə görə, Türkiyə və Azərbaycan üçün Zəngəzur dəhlizinin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.
- Baxış: 216