Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə Azərbaycan çempionatı baş tutub. Avarçəkmə üzrə yarış 2 gün davam edib və bu gün yekunlaşıb.
Yarış Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub. Çempionatda 100-ə yaxın idmançı mübarizə aparıb. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birinci olmaq üçün yarışıb. Çempionatın əsas məqsədlərindən biri ölkəmizdə avarçəkmə idman növünün kütləviliyini təmin etməkdir. Bu səbəblə yarışda əsasən yeniyetmə və gənc idmançıların iştirakına üstünlük verilib.
Fərhad Əliyev- AKAF-nın baş katibi: “Azərbaycan çempionatında təqribən 100-ə yaxın idmançı iştrak etdi. Həmin bu yarışda milli komanda üçün idmançılar seçiləcək, həm də oktyabrda beynəlxalq reqata keçiriləcək, o reqataya hüquq qazanacaq idmançılar. Ümumi bu tədbirin keçirilməsi, məncə həm regionda, həm Azərbaycanda bu idmanın daha da populyarlaşdırılmasına təkan verəcək”.
Beynəlxalq Mingəçevir Reqatası öncəsi təşkil olunan bu yarış həm də iştrakçıların qarşıdakı turnirlərə hazırlıq səviyyəsini yoxlamaq məqsədini daşıyır. İdmançılar bu səbəblə yarışda qalib olmaq üçün əzmkarlıq göstəriblər.
Fuad Məmmədov- qızıl mükafatçı: “4 nəfərlik qayıq üzrə 1000 metr məsafədə 1-ci yer tutduq. Yarış gözəl idi. Çox çalışmışdıq. Bu yarışın nəticələri oktyabra hazırlıq idi. Komanda yoldaşlarımızla hamımız əziyyət çəkmişdik və nəticədə bəhrəsini də gördük”.
Zaur Cəmilov- qızıl mükafatçı: “1000 metr məsafədə 2 nəfərlik qayıqda 2009-2010 –cu illər üzrə 1-ci yerə çıxdım. Bu yarış haqqında deyə bilərəm ki, yaxşı yarış idi, respublika çempionatı idi və mən yoldaşımla çox çalışmışdım. Gələcək yarışlarda daha çox çalışmaq lazımdır. Rəqiblərimiz beynəlxalq yarışçılar olacaq deyə, daha güclü rəqiblər çıxacaq və daha çox çalışmaq lazımdır”.
Sonda qaliblər medal və diplomla mükafatlandırılıblar. Fərqlənən avarçəkənlər gələcəkdə yığmanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək Beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanıb.
Pərvin Abbaszadə
- Baxış: 309