• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 24.02.2023 20:39

Dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyənlər

KepezTV Player

Ermənilərin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı öz dədə-baba yurdlarından didərgin salmasından 35 il ötür. İsti ocaqlarından ayrı düşən həmvətənlərimiz bu illər ərzində ümidlərini bir an belə üzməyiblər, geri qayıdacaqları günə həmişə inanıblar. İndi onların illərlə gözlədikləri zaman yetişir. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ata yurdlarına qayıtmasına az qalıb.

Nəbi Nəsibov-  Qərbi azərbaycanlı: “O kənddən çıxanda mənim 31 yaşım var idi. 8 il Sovxozda həkim işləmişəm. Gözəl yaşayıb, gözəl dolanmışam. 24 sot torpağın içində bağım var idi. Bizdə erməni adda adam yox idi”.

Qərbi Azərbaycanda dünyaya göz açan 65 yaşlı Nəbi dayı ömrünün ən gözəl dövründə doğulduğu, böyüyüb boya-başa çatdığı kənddən ayrı düşüb. Deyir ki, doğma torpaqdakı həyatı ilə bağlı gözəl arzuları, ümidləri olub. Gecə-gündüz onları reallığa çevirmək üçün çalışıb. Ancaq nə fayda. 1988-ci ilin noyabr ayında mənfur ermənilər onu, onun kimi minlərlə soydaşımızı yurdundan didərgin salıb. Nəbi dayının ailəsi və qohumları əvvəlcə Gəncəyə, daha sonra isə Daşkəsən rayonun Quşçu kəndinə pənah gətiriblər. Soydaşlarımız həmin dövrdə ermənilərin törətdikləri müsibətləri hələ də gözlərində yaş, qəlblərində kədərlə xatırlayırlar.

Nəbi Nəsibov-  Qərbi azərbaycanlı:Camaata hücüm edirdilər, öldürmək istəyirdilər. Bunu da camaat hiss elədi. Axşamlar camaat kəndin ətrafında silahlarını doldurub dururdular ki, hucum olsa xəbər etsinlər. Ermənilərin çox özbaşnalıqları var idi. Maşına təcavüz elədilər, qabağını kəsdilər, neçə adamı öldürdülər. Qaçan qaçdı, canını qurtardı”.

Faiq Orucov- Qərbi azərbaycanlı:1988-ci ilin dekabr ayında oranı tərk eləmişik. Səkkizinci sinifdə oxuyurdum, hər şey yadımdadır. Ermənilər təzyiq elədilər, qış idi, yolları bağladılar. Mağazalara ərzaq gəlmədi. Dağla gələn də oldu, amma bütün məhsulların hamısı ermənilərə qaldı. İnəklər, tütünlər bütün hər şey ermənilərə qaldı”.

Respublikamızın digər bölgələrində məskunlaşan Qərbi azərbaycanlılar kimi Daşkəsən rayonunun Quşçu kəndində yaşayan 420 ailə də doğma torpaqlara qayıdacaqlarına ümidi heç zaman üzməyiblər. Dədə-baba yurdlarına dönəcəklərinə həmişə inanıblar.. Ölkə başçısının verdiyi müjdəli xəbər indi onları daha da ruhlandırıb.

Nəbi Nəsibov-  Qərbi azərbaycanlı:Piyada, sürünə-sürünə gedərik. Ora bizim dədə-baba torpaqlarımızdır. Gözümüzü orda açmışıq, orada yaşayıb, böyümüşük. Orada bizim yaşamağa hüququmuz var. Ancaq biz ora nə vaxtsa gedəcəyik. Prezidentin qətiyyətli addımı nəticəsində biz gedəcəyik. Hamıda bir nəfər kimi gedib, yaşamaq istəyir”.

Faiq Orucov- Qərbi azərbaycanlı:Mən yuxularımı orada görürəm. Hamımız orada qəbirlərimizi qoymuşuq. Şah İsmayıl Xətai də gəlib, Göyçə gölünün adını verib. Gözəl yerdir, hamımız da ora qayıtmaq istəyirik”.

Qərbi Azərbaycan əzəli, tarixi torpağımızdır. Aparılan düzgün siyasət və atılan uğurlu addımlar, torpaqlarımıza bağlılıq dədə-babalarımızın mirası olan yurd yerlərimizə yenidən qayıdacağımıza, həsrətin sona yetəcəyinə ümid verir.

Elnur Vahidoğlu