Azərbaycanda ali təhsil müəssisələrini bitirənlər adi -yəni göy rəngdə və qırmızı- yəni fərqlənmə diplomu alırlar. Amma bu gün artıq heç kəsi qırmızı diplomla təəccübləndirmək mümkün deyil. Maraqlıdır, qırmızı diplomun gələcək üçün hər hansı üstünlüyü varmı? Fərqlənmə diplomlarının fərqləri praktik fəaliyyətdə saibinə necə kömək edir? Suallara elə diplom sahiblərinin özləri münasibət bildirib.
Fərqlənmə diplomlu olmaq üçün təhsil müddətində tədris olunan fənnlər üzrə semestr qiymətlərinin 75 faizindən çoxu "əla", yerdə qalanı isə "yaxşı" olmalıdır. Universiteti qırmızı diplomla bitirmək prestij, üstünlük də hesab edilə bilər. Ancaq görünən odur ki, artıq əvvəlki illərdə olduğu kimi qırmızı diploma maraq, universiteti fərqlənərək bitirmək tələbələr üçün elə də önəmli deyil. Həmsöhbətimiz olan Ramin Süleymanov universiteti fərqlənmə diplomu ilə bitirən məzunlardandır. Ancaq o, buna baxmayaraq diplomunun ona əlavə üstünlük vermədiyi qənaətindədir.
Ramin Süleymanov- məzun: “İqtisadiyyat üzrə təhsilimi fərqlənmə ilə başa vurmuşam. 4 dənə beynəlxalq sertfikartım da var. Ancaq, işsizəm. Bir çox şirkətlərə müraciət etsəm də, iş tapa bilməmişəm. Hər hansı bir üstünlüyü olsa, mənə elə gəlir, iş tapa bilərdim. O diplomu almaq üçün çalışsaq da, əlimizdən gələni eləsək də, fərqlənmə ilə bitirsək də, yəni bunun bir üstünlüyünü görmürəm. Bir özəlliyi də yoxdur”.
Qırmızı diplomu prestij və üstünlük hesab etməyən Ramin Süleymanovdan fərqli olaraq Səriyyə Hüsüyeva universiteti fərqlənərək bitirməyi əhəmiyyətli hesab edir. Çünki, özü bunun nəticəsini ali məktəbi bitirdikdən sonra görüb. Hətta bunun əmək bazarında digər namizədlərdən öndə olmağa imkan yaratdığını da söyləyir.
Səriyyə Hüsüyeva- məzun: “Oxumuş, savadlı gənclərə Azərbaycanda həmişə yer var. Həmişə də qabağa çəkilir. Yəni mən, bəhrəsini görürəm. İşlə də təmin olunmuşam. Fərqlənmə diplomu olanlar işə də daha tez götürülür. Biri var adi diplom, biri var özəl diplom. Fərqlənir, təbii ki”.
Dünya təcrübəsində isə diplomun rənginin fərqi yoxdur, diplom sadəcə ali təhsil haqqında sənəd hesab edilir. Həmin diplom tələbəyə yüksək təhsilinin yetərliliyi nəzərə alınmaqla verilir və neçə balla universiteti bitirdiyini göstərir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Bizdə isə yanaşma tam fərqlidir.
Kamran Əsədov- təhsil eksperti: “Hal-hazırda ali təhsil müəssisələri məzunlarının yalnız 42 faizi ixtisası üzrə işləyə bilir. Bu, o deməkdir ki, verilən diplomların keyfiyyət göstərici 50 faizin altındadır. Və bu onu deməyə əsas verir ki, verilmiş fərqlənmə diplomları bir çox hallarda hər hansı bir əhəmiyyətə, üstünlüyə malik deyil. Yəni, birmənalı şəkildə işə qəbul prosesində fərqlənmə diplomu hər hansı bir əlavə imtiyaz yaratmır. Magistratura pilləsi müəyyən qədər imtiyaz yarada bilir, yəni eyni nəticə toplayan iki şəxs arasında fərqləndirici amil kimi magistratura diplomu qeyd oluna bilər. Amma, fərqlənmə diplomunun başqa heç bir üstünlüyü yoxdur. Çünki əmək bazarı daha çox vərdişlər və bacarıqlar əsasında formalaşan bir sistemdir. Kimin yüksək bilikləri varsa, mövcud imtahalardan, müsabiqələrdən uğurla keçərsə, həmin şəxslərin işə qəbulu yalnız bu amil əsasındadır”.
Təbii haldır ki, müasir dövrdə işə götürən işçinin əməli bacarıqlarına üstünlük verir. Universiteti adi və ya fərqlənmə ilə bitirməsindən, ümumiyyətlə ali təhsilinin olub-olmamasından asılı olmayaraq. Lakin, praktik vərdişlərin arxasında elmə söykənən bilik dayanırsa, ələlxüsus da bu bilik özünü fərqləndirici formada real şəkildə biruzə verirsə, işəgötürənin seçiminin də fərqli olacağı istinasızdır. Yetər ki, qırmızı diplomlunun biliyi həqiqəti, işəgötürənin seçimi isə obyektivliyi əks etdirsin.
Aişə Rzayeva
- Baxış: 266