4 aydır ki, İranı çəngində saxlayan aksiyalar səngimək bilmir. Təbriz, Tehran, Buşehr, Həştgerd, Rəşt, İlam, Məşhəd və bir sıra şəhərlərdə keçirilən etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.
İranda gərgin vəziyyət davam edir. Son günlərdə molla rejiminə güvənməyən əmanətçilər öz pullarını banklardan çıxarmaq kampaniyasına start veriblər. Sosial mediada yayılan videoya əsasən, İranda banklardan birinin rəhbərliyi telefonda son 15 gündür maliyyə resurslarının mənfiyə doğru getdiyini deyir.
Etirazçı xalq rejimindən acığını hökumət infrastrukturunu məhv etməklə çıxır. Tehran əyalətinin Savalan qəsəbəsində etirazçılar Mohsen Şekarinin intiqamını almaq məqsədilə radikal "Bəsic" qüvvələrinə məxsus bazanı yandırıblar.
Buşehr şəhərində də fəallar xalqa qənim kəsilən yarımhərbi və radikal "Bəsic" qüvvələrinin bazasına od vurublar.
Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərində isə aksiyaçılar xalqa divan tutan hökumət muzdlusunun evini yandırıblar.
Rəzəvi Xorasan əyalətində, Taybad şəhərində gənc etirazçılar mollaların yetişdirildiyi elmi-dini mərkəzlərə bir neçə “Molotov kokteyli” ataraq yandırıblar.
Təbrizdə yanğınsöndürənlər şəhər bələdiyyəsinin önünə toplaşaraq təhlükəli iş şəraitinə və hüquqlarının pozulmasına etiraz ediblər.
Kirmanşah şəhərində insanlar molla rejiminə qarşı etiraz aksiyası keçirmək üçün küçələrə axışıblar. Etirazçılar "Xameneiyə ölüm olsun", "diktatora ölüm olsun" şüarları səsləndirir.
İranın Zabol şəhərində yük maşını sürücüləri aksiya keçiriblər. Onlar yanacaq qiymətləri və dizel çatışmazlığına etiraz ediblər.
Rejimin əsas tərəfdaşları olan mollaların əmmamələrinin başlarından salınması aksiyasından sonra indi də onlara xəsarət yetirilməsi kampaniyası başladılıb. Qum Tibb Elmləri Universitetindən qeyd olunub ki, şəhərin bir neçə fərqli bölgəsində 4 mollanı yaralayıblar. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.
İranda həbslər və işgəncələr də davam edir. Beynəlxalq Əfv Təşkilatı molla respublikasında uşaqların edam olunma ehtimalı ilə bağlı açıqlama yayıb. Məlumata görə, ölkədə ümummilli etiraz aksiyaları ilə əlaqədar üçü uşaq olmaqla azı 28 nəfər edam edilə bilər. Ən azı daha 6 nəfər saxta məhkəmələrdə artıq edam cəzasına məhkum edilib. CNN isə bildirir ki, İran hökuməti saxladığı şəxslərin sosial media hesablarına daxil olur. Oğurlanmış şəxsi məlumatlar isə ittiham edilənlərə qarşı dəlil kimi istifadə olunur.
ABŞ mərkəzli İran Hüquq Müdafiəçiləri təşkilatının məlumatına görə, molla respublikasında etirazlarda 503 nəfər həlak olub. Ölənlərin 69-u yaşı 18-dən az olan şəxslərdir. Sentyabrın 17-dən aparılan hesablamaya görə, 18 452 nəfər həbs olunub. Onlardan 3 976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunan 652 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub. Ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.
- Baxış: 263