Yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda açılan cinayət işinin istintaqı davam edir. Faktla əlaqədar daha bir neçə nəfər həbs edilib.
Aparılan istintaqla müəyyən edilib ki, Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə onun idarə etdiyi avtomobillə ilə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə Mirzəyevin sərnişini olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb, üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralayıb, Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyev ona doğru üçüncü dəfə atəş açıb, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşıb. Həmçinin müəyyən olunub ki, Elsevər Quliyevlə qabaqcadan əlbir olan və Ziyad Mirzəyevi izləyərək onun yeri barədə Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılov hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Ziyad Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib edib, Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşıb. Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətmiş olduqları xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımov tərəfindən bilərəkdən gizlədilməsinə əsaslı şübhələr müəyyənləşib. Elsevər Quliyev və Ülvi İsmayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs, Firdovsi Qasımov və Nahid Həsənov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
- Baxış: 503