Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları Gəncədə olublar. Türkiyə, Moldova, Polşa, İran, İraq, Hindistan, İsrail və digər dövlətlərdən gələn muğamşünasların iştirakı simpozium keçirilib, konsert proqramı təşkil edilib.
Simpoziumun Gəncədə keçirilməsi heç də təsadüfi deyil. Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dahilərin yazdığı qəzəl və rübailər hələ əsrlər əvvəl muğam üstündə ifa olunub. Xalq mahnıları, aşıq havaları və muğamların formalaşmasında Gəncə dövrünün öz payı var.
“Azərbaycan muğamının konseptual mahiyyəti”nin müzakirə olunduğu simpoziumda muğamın tarixi, bu günü, onun inkişaf yolu, tədqiqi və təbliği, bu sahədə qarşıda duran vəzifələrdən daşılıb, məruzələr dinlənilib.
Jano İbojo - macarıstanlı nümayəndə: Mənim apardığım araşdırma əsasən xalq mahnıları üzərinə olur. Mən muğamın nə olduğunu bilirdim, amma onun bu qədər dərin, bu qədər gözəl olduğundan xəbərsiz idim. Azərbaycan muğamı ilə Azərbaycan xalq mahnıları arasında çox böyük əlaqə var. Mən bununla yanaşı, müxtəlif xalqların muğamları arasında olan əlaqələri də araşdırıram. Elə Azərbaycanan gəlməyimin, bu simpoziumda iştirak etməyimin əsas səbəbi də budur.
Emquzel Sayfulina - holland nümayəndə: Bu festivalın keçirilməsi çox təqdirəlayiqdir. Fərli ölkələrdən gələn muğamşünasların bir arada olması çox yaxşı haldır. Burada praktik hissə məruzələrlə birləşir ki, bu da tədqiq olunan materialları dinləmək imkanı verir. Belə olan təqdirdə araşdırma aparmaq, fikir söyləmək daha asan olur. İşin bu cür təşkili daha çox fayda verir.
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Gəncədə konsert proqramı da təşkil olunub. Gəncə Dövlət Filarmoniyasının ifasında görkəmli bəstəkarların əsərləri, xalq mahnıları və təsniflər səsləndirilib. Konsertdə şəhərin ictimai həyatında fərqlənən qadınlar mükafatlandırılıb.
Gülnar Fazilqızı
- Baxış: 982