Hərbi hazırlıq fənninin təminatlı siniflərdə tədrisi Göygöldən olan məktəblilərin hərbçi olmaq istəyini artırıb. Şagirdlər əyani vasitələrlə təchiz olunan kabinetlərdə ilkin biliklərə tam yiyələnirlər.
Əli Əliyev – şagird: Mən hərbi dərslərdə mütəmadi olaraq iştirak edirəm. Məktəbimzidə bundan ötrü ayrıca kabinet var. Burada biz silahla davranmağı, sıra baxışı və ilkin hərbi məlumatları öyrənirik. Hərbiyə marağım çox böyükdür. İnşallah özüm hərbiçi olmaq istəyirəm. Ordumuza inanıram.
Ölkədə hərbi orta təhsilə göstərilən diqqət bu istiqamət üzrə dərslərə marağı artırıb. Göygöl rayonunun da həm yeni məktəblərində, həm də mövcud təhsil ocaqlarının hərbi kabinetlərində yaradılan şərait oğlanlar kimi qızların da diqqətini cəlb edir.
Şəbnəm Musayeva – şagird: Mütəmadi olaraq hərbi dərslər keçirilir. Bizim məktəbin ayrıca kabineti var. Şəhərimzdə keçirilən hərbiyə aid idman yarışlarında iştirak edib yüksək naliyyətlər əldə etmişik.
Raminə Məmmədova - Göygöl Rayon Təhsil Şöbəsinin nümayəndəsi: Rayonun əksər məktəbləri komanda şəklində Şahin Hərbi İdman oyunlarında və idman yarışlarında iştirak edirlər. Şəhər 1 saylı Uçtəpə və Çaylı kənd tam orta məktəblərinin komandaları müxtəlif vaxtlarda ölkə birinciliyində və digər respublika yarışlarında mükafata layiq yerlər tutublar.
Şagirdlərin hərbi idman oyunlarda qazandığı uğurlarda müəllimlərin əməyi böyükdür. Rayonda hərbi dərsləri əsasən keçmiş döyüşçülər tədris edir. Söylənilənlərin əyani şəkildə göstərilməsi isə tədrisin düzgün aparılmasını şərtləndirir.
Nazim Cahangirov - müəllim: Mən özüm uzun müddət orduda xidmət etmişəm. İkinci qrup müharibə əliliyəm. 7 il yarım Azərbaycan ordusunda xidmət etmişəm. Ağır döyüşlərdə iştirak edib yaralanmışam. Bu məna stimul verir ki, mən öz şagirdlərimə gələcəkdə hərbiçi olmaları üçün tövsiyyələrimi verim. Bizim məktəbdə ən qabacıl məktəblərdən biridir.
Göygölün hərbi hazırlıq müəllimləri gəncliyin vətənpərvər ruhda böyüyərək, silahlarla ilkin davranış qaydalarına yaxşı yiyələnmələri üçün üzərlərinə düşən vəzfəni layiqincə yerinə yetirməyə çalışırlar. Çünki “bugünün şagirdi sabahın əsgəri”dir.
Natiq Hüseyn
- Baxış: 1151