İslamiadada bədii gimnastika yarışlarına start verilib. İlk gündə halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi baş tutub. Ümumilikdə 14 qadın idmançı arasında Azərbaycanı Zöhrə Ağamirova, Jalə Piriyeva və Marina Durunda təmsil edib. Durunda və Piriyeva halqa və topla hərəkətdə ilk 2 yeri tutaraq, finala yüksəliblər. Ağamirova həm halqa, həm də topla hərəkətdə 5-ci yeri tutduğu üçün həlledici mərhələdən kənarda qalıb. Bu gün Ağamirova, Piriyeva və Durunda gürz və lentlə təsnifat mərhələsində çıxış edəcəklər.
İslam oyunlarında tennis yarışları da başlayıb. Fərdi mübarizələrdə təmsilçimiz Filip Nikoliç Pakistan idmançısıyla üz-üzə gəlib. Görüşün favoriti sayılan tennisçimiz bunun əbəs yerə olmadığını sübut edərək qarşılaşmada qələbə qazanıb. Digər təmsilçimiz Rəsul Qocayev komanda yoldaşı kimi kortda bacarığını göstərərək ilk görüşdə pakistanlı rəqibini üstələməyi bacarıb. Komanda yarışlarında isə millimimizin bəxti gətirməyib, Pakistana qarşı oynayan yığmamız məğlubiyyətlə üzləşib.
İslamiadada kişilərin həndbol yarışlarında növbəti oyunlar baş tutub. Millimiz 5-ci yer uğrunda Mərakeşlə qarşılaşıb. Afrikalılara 31:25 hesabı ilə qalib gələn yığmamız oyunları 5-ci sırada tamamlayıb.
IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov ilk görüşünü keçirib. 91 kq-dan yuxarı çəkidə döyüşən ikiqat dünya çempionunun təsnifat mərhələsindəki rəqibi qazaxıstanlı Nurlan Saparbay olub. Görüşdə 31 yaşlı idmançımız rinqdən qalib ayrılıb. 1/4 finala vəsiqə qazanan Məhəmmədrəsul Məcidovun rəqibi misirli Uosri Hafez olacaq. Döyüş mayın 15-də keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 361