• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 15.04.2017 14:57

Şəmkirin İrmaşlı kəndində boz çöllər yaşıllığa çevrilib

KepezTV Player

Əkinçiliyin  inkişaf etdirilməsində ən vacib amillərdən biri suvarmadır. Sahələrin vaxtında suvarılması, həm də yüksək məhsuldarlığın əsas şərtidir. Şəmkir rayonunun qədim yaşayış məntəqələrindən olan İrmaşlı kəndində sahələrin suvarılması üçün mühüm işlər görülüb.

İsmayıl Qurbanov- sakin: “5 il olar ki, burada heç nə əkilməyib. Heç əməlli ot da bitmirdi. Çünki su yox idi”.

Şəmkirin İrmaşlı kəndindən İsmayıl Qurbanovla yanaşı, 1000-dən çox təsərrüfat sahibi illərdir suvarma suyu sarıdan əziyyət çəkib. Suya olan ehtiyac ödənilmədiyindən yerli sakinlər əsas məşğuliyyətlərdən illərdir uzaq düşüblər. Nəhayət, bu il sakinlərin üzü gülüb.

Asiman Cəfərov- sakin: “250 hektar sahədə taxıl əkilib. Bir dəfə suvarmışıq, ikinci dəfə suvarılır. Yaxşı məhsul olacaq”.

İsmayıl Qurbanov- sakin: “Gözəl taxıl çıxıb. Bol məhsul olacaq. Bir dəfə də suvarsaq daha yaxşı olar”.

Mənbəyini Zəyəm çayından götürən 8 mart kanalının bərpası üçün 26 km məsafədə təmir- bərpa işləri aparılıb. Bununla da təkcə İrmaşlı kəndində 453 hektar sahənin suvarılması təmin edilib. Mütəxəssislərin sözlərinə görə, bu zəmilərdə məhsul bol olacaq.

Vaqif Allahverdiyev- İrmaşlı bələdiyyəsinin üzvü: “Taxıl sahələri əkilib. Yaxşı da məhsul olacaq. Orta məhsuldarlıq minimum 25 sentner olacaq. Elə ərazi var oradan 50 sentner də məhsul götürüləcək”.

26 ildən sonra 8 mart kanalının bərpası İrmaşlı kəndinin tarixi ənənələrini özünə qaytarmağa imkan yaradıb. İndi bütün sakinlər növbəti il üçün sahələrdə dənli bitkilərin əkinini planlaşdırır.

 

Natiq Hüseyn