• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 09.08.2024 19:56

Prezident İlham Əliyev Astanada Dövlət Başçılarının görüşündə

KepezTV Player

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Bunu Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının görüşündə deyib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işlərinin aparıldığını və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının davam etdiyini diqqətə çatdırıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin, bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm. Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir. Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.

Prezident İlham Əliyev Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələrinın həyata keçirildiyini, birgə investisiya fondlarının yaradıldığını da qeyd edib. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək. Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram”.

Astanada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı"nın təntənəli təqdim edilməsi mərasimi də keçirilib. Prezident İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından dövlət başçılarının şərəfinə rəsmi qəbul verilib. Azərbaycan Prezidenti tədbirdə iştirak edib.