• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 12.07.2024 18:16

Yeni mövsümə hazırlaşan “Kəpəz” heyətini də gücləndirir

KepezTV Player

“Kəpəz” Premyer Liqanın yeni mövsümü üçün məşqlərin ikinci mərhələsinə başlayıb. Növbəti tsiklda komandaya həm əcnəbi, həm yerli yeni oyunçular qoşulub. Sarı-göylər çempionat başlayanadək bir neçə yoxlama görüşü də keçirməyi planlaşdırırlar.

Ötən ayın sonundan hazırlıqlara start verən gəncəlilər ilk olaraq seleksiya xarakterli toplanış keçib. Daha çox gənc oyunçuların yer aldığı çalışmalara sonradan komandanın digər üzvləri də qatılıb. Hazırlıqda müəyyən vaxtlarda həm taktiki-texniki, həm fiziki dözümlülük məşqlərinə diqqət yetirilir. Bununla yanaşı, yeni mövsüm üçün heyət də formalaşdırılır.

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Komandamızı toparlayıb komplektləşdirmək istəyirik. Futbolçulara onlardan nələr tələb olunduğunu, nələr istənildiyini aşılamağa çalışırıq. Məşqlərimiz plan üzrə gedir. Bu gün iki məşqimiz var. Əsasən texniki-taktiki işlərimiz və axşam fiziki dözümlülük məşqlərimiz var. Bu axarla da məşqlərimizi davam etdirəcəyik”.

Artıq komandada bu günədək 5 oyunçu ilə müqavilə bağlanılıb. Onlardan 3-ü yerli, ikisi isə əcnəbidir. Portuqaliyalı qapıçı və ispan yarımmüdafiəçi kluba yeni qoşulub.

Paulo Rojerio- “Kəpəz”in yeni transferi: “Bura gəlməmişdən əvvəl araşdırma apardım və komandanın Azərbaycanın ikinci ən böyük şəhərində yerləşən, böyük azarkeş kütləsinə malik tarixi bir klub olduğunu öyrəndim. Həmçinin “Kəpəz”in ötən mövsümkü heyətində həmyerlim İqorun çıxış etdiyini gördüm. Bunlar seçimimdə müsbət rol oynadı. İlk dəfədir ki, Portuqaliyadan kənarda legioner həyatı yaşayıram. Ailəmə və dostlarıma klubun şəraitinin çox yaxşı olduğunu və hələ də bu yeni şəraitə uyğunlaşmağa çalışdığımı söylədim. Çempionatın tezliklə başlamasını səbirsizliklə gözləyirəm ki, fanatların dəstəyini hiss edə bilim”.

Kərim Lkoça- “Kəpəz”in yeni transferi: “Bura gəldiyim üçün və belə bir peşəkar komandada çıxış edəcəyim üçün çox xoşbəxtəm. Şəhərinizi xüsusilə bəyəndim. İnsanları istiqanlıdır. Yeni transfer olduğumu biləndə hamı şəkil çəkdirmək istəyir, yaxından maraqlanır. “Kəpəz” karyeramda yeni səhifədir. Ona görə komandanın uğurları üçün əlimdən gələni edəcəm. Çempionat öncəsi hazırlıqda isti hava çətinlik yaratsa da, məşqlərimizə davam edirik. Komandanın bütün üzvləri bir-birinə qarşı çox mehribandır”.

Transfer çalışmalarını davam etdirən dağlılar yaxın günlərdə bir neçə oyunçu ilə də müvavilə bağlayacaq. Müdafiə, mərkəz və cinah yarımmüdafiəçi mövqeyinə əcnəbi, sol cinah müdafiəçi və dayaq yarımmüdafiəyə isə yerli oyunçu cəlb etmək planlaşdırılır. Həçminin komandanın düşərgəsində baxışda olanlar da var.

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Hazırda baxışda olanlar var. Onlardan biri Morqandır, daha doğrusu öz futbolçumuzdur, İmişliyə icarəyə vermişdik. Yenidən geri qayıdıb. Digər oyunçu Mariodur. Portuqaliya əsilli oyunçudur. Ona da baxırıq. Pis görsənmir, amma tam hazır deyil. Bir nəfər də İrandan gəlib. O, hücumçudur. İnşallah, ayın 15-dən sonra düşünürəm ki, 70-80 faiz komandanı komplektləşdirib işimizə davam edəcəyik. Həm yerli, həm də əcnəbi 4-5 oyunçu haqda fikirləşirik ki, heyətə cəlb edərək komandamızı gücləndirək”.

Hazırlıq çərçivəsində “Kəpəz” artıq bir yoxlama oyununda da qüvvəsini sınayıb. 2 gün öncə Qəbələdə təşkil edilən qarşılaşmada komanda 4:0 hesabıyla uduzub. Ayın 15-də növbəti yoxlama oyununda Şamaxı ilə üz-üzə gələcək Nizami yurdunun kollektivi iyulun 21-i və 25-də daha iki hazırlıq görüşündə qüvvəsini sınamağı düşünür.

Orxan Cəfərzadə